Qafqaz Universitetində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım proqramı keçirildi
Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı
ilə 19 yanvar 2012-ci il tarixində saat 13:30-da Akt zalında 20
yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz”
adlı anım proqramı keçirildi.
20 YANVAR: Şanlı tariximizin qanlı səhifəsi
“20
yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün
əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür.
Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı
yanvar”, “qanlı şənbə” kimi yazıldı.
“20
yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün
əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür.
Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı
yanvar”, “qanlı şənbə” kimi yazıldı. 1990-cı il yanvarın 19-dan 20 - nə
keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli,
kütləvi qırğın hadisəsi törədildi. Azərbaycan 1918-ci il mart
qırğınlarında, 1920-ci il 28 aprel işğalında olduğu kimi bir kərə daha
sovet-rus zülmü ilə üzləşdi. Azərbaycan xalqının iradəsini qırmaq,
xalqın azadlıq arzusunu qanla boğmaq, bölgəni nəyin bahasına
olursa-olsun, əldə saxlamaq düşüncəsi tarixdəki qanlı oyunların təkrar
səhnəyə qoyulmasına gətirib çıxardı.
Bu
qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı
tələblərini irəli sürən, bu tələblərə demokratik yollardan nail olmaq
istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların azadlıq
istəklərini tankların tırtılları altında yox etməkdi. Ancaq sovet
imperiyası buna nail ola bilmədi. Azərbaycan xalqı bu hadisə qarşısında
daha da mətinləşdi, qızıl ordu terroruna qurban verdiyi övladlarını itki
kimi görmədi və onları ölümün ən yüksək mərtəbəsi olan şəhidlik zirvəsi
kimi bağrına basdı. Xalqın başına gətirilən bu cinayət sovet
imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Bu hadisədən
cəmi 9 ay sonra Azərbaycan öz müstəqilliyini elan elədi. Əslində
imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər
respublikalara göz dağı vermə planı, imperyanı zor gücünə mühafizə etmə
təşəbbüsü də boşa çıxmış oldu. Baltikyanı respublikaların müstəqillik
elan etmələrindən sonra Azərbaycanın da müstəqilliyini bəyan etməsi
digər cümhuriyyətlərə də bir növ nümunə təşkil elədi və SSRİ-nin
dağılması qaçınılmaz oldu. Bu mənada, bəlkə də, Bakıda törədilən qanlı
20 yanvar hadisələri sovet imperiyasının dağılmasını sürətləndirən bir
hadisə oldu.
Azərbaycana
qarşı işlənilən bu cinayət yuxarıda qeyd edilən siyasi nəticələri
doğurmaqla birlikdə xalqın nəzərində açıqlığa qovuşdurulmamış bir
cinayət kimi də qalmaqdadır.
Nəyə
görə Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə məlumat
hadisələrdən sonra - yanvarın 20-də verilmişdir? Görəsən, əməliyyatlarda
bu dərəcədə kütləvi olaraq ağır silahlardan istifadəyə nə dərəcədə
ehtiyac vardı? Bunu nə ilə əsaslandırmaq olar? Şübhəsiz ki, dinc əhaliyə
qarşı bu dərəcədə silah tətbiq etmək cinayətdir.
Soruşulması
lazım gələn suallardan biri də insanlarımızın qətl edilməsinin
qarşısını almaq mümkün ola bilərdimi? Bu məsələ tarixdən dərs almaq,
gələcəkdə belə faciələrin meydana gəlməsinin qarşısını almaq baxımından
əhəmiyyətlidir. Təbii ki, hadisənin ibrətli məqamları da yaxşı təhlil
edilməlidir. Sovet hakimiyyətinin ağılasığmaz haqsızlıqları qarşısında o
tarixdə Azərbaycanın idarəçilərinin tutduqları zəif mövqenin, öz
daxilimizdə ortaya çıxan müxtəlif çəkişmələrin xalqımıza baha başa
gəldiyini dərk etməliyik və buradan lazımi dərsləri çıxarmalıyıq.
Şəhidlərimiz
100 minlərlə insanımızın çiynində şəhərin ən yüksək yerlərindən olan,
sovet işğalından öncə də şəhid məzarlığı olmuş, daha sonra Dağüstü Park
adlandırılan təpədə dəfn edildilər. Onların yanlarında onlarla Dağlıq
Qarabağ şəhidlərimiz dəfn edildi. Bura xalqımız üçün müqəddəs bir and
yerinə, milli iradəmizin şanlı-şərəfli bir səlnaməsinə çevrildi.
Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin,
milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur
mənbəyi olacaqdır.
Dr. Ədalət İbadov (Qafqaz Universiteti)
Dr. Şölə İsayeva (Qafqaz Universiteti)