Ali məktəblərdə tələbə klubları və dərnəkləri
|
|
| Tələbələr asudə vaxtlarını necə keçirirlər? Bu suala aydınlıq gətirmək məqsədilə şəhərdə fəaliyyət göstərən bir neçə ali məktəbdə sorğu keçirdik. Bəri başdan deyək ki, həmsöhbət olduğumuz şəxslərin bəziləri “asudə vaxt” anlayışına “dərslərdən kənar zaman”, bəziləri “həftəsonu”, bəziləri də “bayram və rəsmi tətil günləri” kimi başa düşdüklərini bildirdilər. | |
|
“Asudə vaxtlarınızda teatra
gedirsiniz?” sualına respondentlərin, demək olar ki, 80% “xeyr,
getmirəm” cavabını verdilər. Onların arasında “bu yaşıma qədər teatra
getməmişəm” deyənlər də oldu. Muzeylə bağlı sualımızı
cavablandıranlardan məlum oldu ki, onlar ümumiyyətlə belə məkanlara üz
tutmurlar. Hətta həmin mədəniyyət ocaqlarının hansı məkanlarda
yerləşdiklərini belə bilmirlər. Apardığımız mini-sorğunun nəticələrini
ümumiləşdirərkən belə qənaətə gəldik ki, müasir gənclərin əksəriyyəti
nəinki az mütaliə edir, teatra, muzeylərə getmir, asudə vaxtlarını
saatlarla telefon dəstəyindən asılmaqla, yaxud da internetdə vaxt
öldürməklə, televizor qarşısında serialları izləməklə keçirirlər. Həmsöhbət olduğumuz tələbələrin bir qismi təhsil aldıqları ali məktəb ocaqlarındakı dərnəklərin üzvləri olduqlarını bildirdilər. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Qafqaz Universitetində fəaliyyət göstərən dərnəklərlə tanış olmaq məqsədi ilə bu təhsil ocaqlarına yollandıq. Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Elmi Cəmiyyəti, Tələbə-Gənclər Təşkilatı (TGT) və onun nəzdində altı klub fəaliyyət göstərir. Bu barədə bizə akademiyanın IV kurs tələbəsi, TGT-nin sədri Tale Əliyev məlumat verdi. Onun sözlərinə görə, DİA-da təşkil olunmuş ilk klublardan biri olan “Debat” klub uğurlu və geniş fəaliyyəti ilə ətrafına çox sayda tələbə toplaya bilib və respublika səviyyəli bir çox yarışmaların qalibi olub. İki il öncə fəaliyyətə başlayan “Diplomatiya və Araşdırmalar” klubu (”DipClub”) beynəlxalq münasibətlərə, dünya siyasətinə marağı olan tələbələri öz ətrafında toplayır. “Vətənpərvərlik” klubu isə tələbələr arasında vətənpərvərlik hisslərini aşılayır, azərbaycançılıq məfkurəsini təbliğ edir. Rektorluğun ümumi rəhbərliyi altında fəaliyyət göstərən, özündə yüzə yaxın tələbəni birləşdirən Tələbə-Elmi Cəmiyyətinin fəaliyyətindən danışan Tale bəy bildirdi ki, bu cəmiyyətin məqsədi tələbələrin bilik səviyyəsinin inkişaf etdirilməsinə dəstək olmaq və onların elmi fəaliyyətlərə maraqlarını artırmaqdır. Tale bəy həmçinin rəhbərliyin onların sosial fəaliyyətlərinə həmişə dəstək olduğunu da söylədi. Daha sonra akademiyanın Tələbələr Azad Sahibkarlıqda (SİFE) komandasından söz açan Tale Əliyev bu klubun üzvlərinin Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda bir neçə dəfə fərqləndiklərini söylədi. Tələbələrlə söhbət zamanı aydın oldu ki, onların bəziləri akademiyadakı klublarda iştirak etməyə daha çox üstünlük verirlər. ...Böyük tənəffüsdə akademiyanın foyesində “Art” klubun üzvlərinin pianonun ətrafına toplaşaraq mahnı ifa etdiklərinin şahidi olduq. Onları müəllim və tələbələr də maraqla dinləyirdilər. “Hər fakültənin tabeliyində klublar fəaliyyət göstərir” Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqının sədri Daşqın Qəmbərov bizimlə söhbətində bu təhsil ocağında Tələbə Gənclər Təşkilatı ilə yanaşı, hər fakültənin tabeliyinda klubların fəaliyyət göstərdiyini bildirdi. Ən aktiv klublardan - “Fəlsəfə akademiyası”, “Metafora”, “Gənc politoloqlar”, “Gənc tarixçilər”dən danışan Daşqın müəllim rəqs, xor, teatr dərnəklərinin, “Alpinist”, “Brekdans” komandalarının da fəaliyyət göstərdiyini vurğuladı: “Üzgüçülük hovuzu, futbol meydançası da tələbələrimizin ixtiyarına verilib. Ümumiyyətlə, bizim məktəbdə tələbələr üçün hər cür şərait yaradılıb. BDU-də tələbələr üçün hər fakültədə kompyuter zalı da fəaliyyət göstərir.” ”Alpinist” komandasının, “Metafora”nın uğurlu fəaliyyətindən söz açan Daşqın müəllim elə bu günlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin komandasının birinci yerə layiq görüldüyünü söylədi: “Onu da deyim ki, universitet tələbələri arasında belə yarışma mütəmadi keçirilir”. O, bəzi klubların fəaliyyətinin qənaətbəxş olmadığını da etiraf etdi. “Qafqaz” tələbələrə daha çox diqqət yetirir Bəs bu sahədə Qafqaz Universitetində vəziyyət necədir? “Qafqaz”ın Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin (SMİİ) müdiri Nəcəf Ələsgərovdan öyrəndik ki, bu təhsil ocağında 4 tələbə dərnəyi (rəqs, dram, xor, xalq çalğı alətləri ansamblı),16 klub, 5 kurs, həmçinin voleybol, futbol, basketbol, üzgüçülük, yüngül atletika, şahmat, cüdo və güləş, dama, paintball komandaları fəaliyyət göstərir. Klublar vahid koordinatorluqdan idarə olunur. Universitetdə fəaliyyət göstərən klubların işlərini səmərəli təşkil etmək üçün onlara məsləhətçi müəllim və bir otaq da ayrılıb. Klublar iclaslarını həmin otaqda keçirirlər. Fəaliyyətlərini sponsorlar hesabına həyata keçirən klublara rəhbərlik tərəfindən də maaliyyə yardımı edilir. Nəcəf müəllimin sözlərinə görə, idman meydançası, kompyuter laboratoriyaları, trenajor zalı, akt və seminar salonları tələbələrin ixtiyarındadır. Yenicə başa vurduqları klublararası futbol çempionatından danışan Nəcəf müəllim bu kimi yarışmaların mütəmadı təşkil edildiyini bildirdi. Dərnəkdə iştirak edən tələbələrə, klublarda aktiv olan tələbələrə təqaüdlərin verildiyini deyən idarə müdiri bu istiqamətdə əldə olunan nailiyyətlərdən söz açdı: “2011-ci ildə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələrinin iştirakı ilə keçirilən V Tələbə Baharı Festivalında universitetin rəqs kollektivi I yerə layiq görülüb”. “Yadda qalan tədbirlərdən daha hansını xatırlamaq istərdiniz?” sualına isə Nəcəf müəllim belə cavab verdi: “Ötən tədris ilində “Oğuz” klubu ilə “Düşüncə” klubunun “Oğuznamə” layihələri çərçivəsində keçirdiyi “Türkmənistanın mədəniyyət günləri”ni xüsusilə vurğulamaq istəyirəm. Bu tədbirdə 11 ölkənin səfirliyi iştirak edib. “Pİ” klubunun məktəblilər arasında təşkil etdiyi “Riyaziyyat və məntiq” olimpiadası da yaddaşlara həkk olunub. Hər semestr klubların iki-üç tədbir təşkil etdiyini bildirən Nəcəf Ələsgərov dərnək və klubların hər il ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Gənclik şənliyi” keçirdiklərini də vurğuladı. Söhbətinin sonunda həmsöhbətimiz dedi: “Klublarımız ölkəmizdə fəaliyyət göstərən şirkətləri mütəmadi ziyarət edir, onlarla ortaq layihələr həyata keçirir. Qeyd edim ki, tələbələrimiz bölgələrə də tez-tez səfərlərə çıxırlar. Bunun üçün də universitetimizin avtobusları tələbələrimizin ixtiyarındadır”. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41935 | |