Qafqaz Universitetində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müzakirə edilmişdir


14 January, 2012
12.01.2010 tarixində Qafqaz Universitetində “Azərbaycan iqtisadiyyatının inkişafı 2020: gələcəyə baxış” mövzusunda seminar keçirilmişdir. Seminarda Qafqaz Universitetin rektoru, professor Əhməd Saniç; Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev; Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev; AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin direktor müavini, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və Qafqaz Universitetinin Dünya İqtisadiyyatı kafedrasının müdiri, dossent Altay İsmayılov məruzə ilə çıxış etmişdirlər.
Tədbirin açılış nitqində rektor Əhməd Saniç iştirakçılara Qafqaz Universitetinin fəaliyyəti və uğurları barədə məlumat vermiş, elmin müxtəlif istiqamətlərində ikitərəfli əməkdaşlıqların qurulmasında maraqlı olduğunu bildirmişdir. Müasir dövrün tələblərinin nəzərə alınmasının vacibliyini qeyd edən professor Saniç ali təhsil müəssisələrinin əsasən üç istiqamətdə; tədris, elmi-tədqiqat və sosial məsuliyyət yönündə fəaliyyətinin zəruriliyindən söhbət açmışdır.
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev çıxışında ölkədə elm sahəsində mövcud olan aktual problemlərdən danışmışdır. Professor Alıyev ölkədə gedən iqtisadi inkişafın davamlı olması üçün elmi işçilərin sözügedən problemlərin həllində səylərinin artırılmasının vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, rəqabət qabiliyətli məhsul istehsalının təşkili üçün əlverişli iqtisadi sistemin işlənib hazırlanması hazırda elmi işçilərin öhdəliyinə düşən ən vacib məsələdir.  
Daha sonra Qafqaz Universiteti ilə AMEA-nın İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Müqavilədə qarşılıqlı kadr mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin həyata keçirilməsi, o cümlədən sərgi, konfrans, simpozium və konfransların təşkili kimi məsələlər nəzərdə tutulur.
Sonra seminar natiqlərin çıxışları ilə davam etmişdir. İqtisad elmləri doktoru Vilayət Vəliyev çıxışında ölkədaxili və qlobal çağırışlardan danışmışdır. Onun sözlərinə görə, davamlı iqtisadi inkişafı təmin etmək üçün kadr tələbatının müəyyənləşdirilməsi, iqtisadiyyatda elmi-texniki yeniliklərdən istifadənin stimullaşdırılması, iqtisadi infrastrukturun optimallaşdırılması və təkmilləşdirilməsi, regionların iqtisadi inkişafının davam etdirilməsi, vahid statistikadan istifadənin təşviqi, istehsal prosesində məhsuldarlığın və səmərəliliyin təşkili kimi məsələlərin həlli zəruridir.
Professor Tərbiz Əliyev isə öz çıxışında iqtisadiyyatda elmi innovasiya mühitinin formalaşdırılması və bu istiqamətdə daha çox maliyyə vəsaitlərinin cəlb olunmasının vacibliyini qeyd etmişdir. Ölkədə iqtisadi inkişafın davamlılığının təmin edilməsində keyfiyətli kadr hazırlığının əhəmiyyətindən danışan dossent Altay İsmayılov isə universitetlərə bu istiqamətdə böyük məsuliyətin düşdüyünü vurğulamışdır.
Qeyd edək ki, seminarın keçirilməsində məqsəd ölkə prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar imzaladığı sərəncamdan irəli gələn məsələləri elmi işçilərin nəzərinə çatdırmaq və bu istiqamətdə səyləri artırmaqdır. Tədbirdə Qafqaz Universitetinin akademik heyəti ilə yanaşı AMEA-nin İqtisadiyyat İnstitutu, İİN-nin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 30-dan çox mütəxəssisi iştirak etmişdir.
Rüstəm Hacıyev 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF