“Mətbuatla əlaqələrə cavabdeh şəxsin jurnalistika sahəsinə normal bələd olması vacibdir”
QAFQAZ UNİVERSİTETİ MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ RƏCƏB RZA: “UNİVERSİTETDƏ KEÇİRİLƏN BÜTÜN TƏDBİRLƏRDƏ, BEYNƏLXALQ KONFRANSLARDA ÖLKƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN KİV NÜMAYƏNDƏLƏRİNİN GENİŞ İŞTİRAKINI TƏMİN ETMƏYƏ ÇALIŞIRIQ”
11:16 / 27.01.2012 Azərbaycanda çoxsaylı dövlət və özəl ali təhsil ocaqları fəaliyyət göstərir, təbii ki, onlarda baş verən yeniliklər də ictimaiyyət üçün maraqlıdır. Baş verən yeniliklər, həyata keçirilən bütün tədbirlər barədə mətbuata mütəmadi olaraq məlumatların verildiyi özəl ali təhsil müəssisələrindən biri də Qafqaz Universitetidir. Universitetin saytında bütün yeniliklər yerləşdirilməklə bərabər, mətbuat xidmətinə, xidmətin rəhbəri Rəcəb Rzaya müxtəlif suallarla müraciət edən jurnalistlərə dolğun, ətraflı cavablar verilir.
Universitetdə mətbuat xidməti təhsil müəssisəsi yaradılan vaxtdan yəni 1993-cü ildən fəaliyyət göstərir. Xidmətin yaradılmasında əsas məqsəd Kütləvi İnformasiya Vasitələri ilə müntəzəm əlaqə yaratmaq, ölkədə gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə aparılan islahatları və ölkə əhəmiyyətli hadisələri mətbuatda daha ətraflı işıqlandırmaq, universitet xəbərlərinin, beynəlxalq əlaqələr, xarici səfərlər və xarici qonaqlarla keçirilən görüşlərin ölkə ictimaiyyətinə çatdırılmasını intensivləşdirmək olub. Xidmət müntəzəm olaraq yerli və xarici mətbuat orqanlarını, xəbər portallarını universitet yenilikləri ilə təmin edir.
R.Rza deyir ki, universitetin mətbuat xidməti fəaliyyətə başladığı gündən ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, xəbər agentlikləri, portalları və qəzetlərlə sıx əməkdaşlıq edir:
“BİZ ÖLKƏDƏ FƏALİYYƏTDƏ OLAN HƏR BİR KİV-lə ƏMƏKDAŞLIQDA MARAQLIYIQ”.
Mətbuat xidməti olaraq, jurnalistlərin ünvanladığı bütün sualları cavablandırmağa çalışırıq. Fikrimcə, universitetin mətbuat xidməti ilə KİV nümayəndələri arasında səmimi əməkdaşlıq əlaqələri mövcuddur. Mətbuatın rolu bütün dövrlərdə, onun inkişaf tapdığı, yarandığı vaxtlardan cəmiyyətin həyatında böyük əhəmiyyət kəsb edib. Bu gün bu əhəmiyyət daha da artıb. Yəni, mətbuat bu gün onlara göstərdiyi xidmət, informasiya xidməti, insanların məlumatlandırılması vəzifəsini yerinə yetirmir. Həm də onların işini rahatlaşdırır. Dövlət strukturları, ayrı-ayrı qurumlar arasında vasitəçi rolunu oynayır. Müasir dövrdə mətbuat xeyli dərəcədə inkişaf edib: yazılı mətbuat, elektron mətbuat və internet resursları. Biz də bu resurslardan maksimal dərəcədə istifadə etməyə çalışırıq.Universitetin rektoru, professor Ahmet Sanic də media ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Rektorun mətbuat nümayəndələrinə münasibəti çox yüksəkdir. Təbii ki, bu da mətbuat xidməti olaraq bizim işimizə müsbət təsir edir”.
R.Rzanın sözlərinə görə, universitetdə təşkil edilən bütün tədbir, seminar və görüşlərə KİV nümayəndələri dəvət olunur: “Onlar da dəvəti qəbul edib, keçirilən tədbirlərdə iştirak edirlər.
ÇALIŞIRIQ Kİ, UNİVERSİTETDƏ GEDƏN PROSESLƏR MƏTBUATDA MÜNTƏZƏM İŞIQLANDIRILSIN.
Buna görə də universitetdə təşkil edilən tədbirlərdə, beynəlxalq konfranslarda ölkədə fəaliyyət göstərən bütün KİV nümayəndələrinin iştirakı təmin olunur. Bizdə əməkdaşlıq etdiyimiz bütün jurnalistlərin koordinatları yəni telefon nömrələri və mail ünvanları mövcuddur. Bir gün öncə həmin jurnalistlərlə əlaqə yaradıb keçiriləcək tədbir, mətbuat konfransı haqqında onlara məlumat verir və tədbirə dəvət edirik. Tədbir zamanı isə dəvət olunan bütün jurnalistlərə press-reliz verilir. Rektordan açıqlama almaq istəyən jurnalistlərə lazımi imkan yaradılır. Çalışırıq ki, mətbuat xidməti olaraq işimizin öhdəsindən layiqincə gələk”.
R.Rza qeyd edib ki, mətbuat nümayəndələri ilə işi sürətləndirmək üçün əsas vasitələrdən biri də təhsillə bağlı yazan KİV nümayəndələrinin elektron ünvanlarını toplamaq və vaxtaşırı onları məlumatlarla təmin etməkdir: “Qafqaz Universitetində daim müxtəlif səpkili tədbirlər, seminarlar keçirilir. Biz də bu
TƏDBİRLƏR BARƏDƏ MƏLUMATLARI PRESS-RELİZ FORMASINDA JURNALİSTLƏRƏ GÖNDƏRİRİK.
Həmçinin universitetdə keçirilən görüşlər, tədbirlərlə bağlı hazırlanmış materiallar elə həmin gün – Azərbaycan və ingilis dilində yayılır”.
Mətbuat katibi bildirib ki, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Mən də mətbuat xidmətinin rəhbəri olaraq
“ÖZ İŞİMİ QANUNUN TƏLƏBLƏRİNƏ UYĞUN YERİNƏ YETİRMƏYƏ ÇALIŞIRAM”.
R.Rzanın dediyinə görə, mətbuatda ölkədə fəaliyyət göstərən universitetlərin, o cümlədən Qafqaz Universitetinin fəaliyyətinin işıqlandırılma səviyyəsi onu qane edir: “Mətbuat vasitəsilə ictimaiyyətə çatdırmışıq ki, Qafqaz Universiteti dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər. Tələbələrdən ibarət bədii özfəaliyyət ansamblı, xor kollektivi, rəqs qrupu və dram dərnəyi onların incəsənət sahəsindəki istedadlarını üzə çıxardır. Azərbaycanın müxtəlif guşələrinə gəzintilərin təşkil olunması tələbələrin asudə vaxtlarının xoş keçməsinə təminat verir. Universitet haqda bütün bu məlumatların, keçirilən tədbirlərin mətbuatda yer alması olduqca vacib bir məsələdir. Biz fəaliyyətimizin şəffaf şəkildə ictimaiyyətə çatdırılmasında maraqlıyıq. Aparılan islahatlar, həyata keçirilən yeniliklər məhz ali təhsilin yüksəlməsinə xidmət edir”.
Mətbuat katibi vurğulayıb ki, ictimaiyyətlə əlaqələr bölməsinin də əsas və mühüm vəzifələrindən birini KİV-lə əlaqələrin qurulub qorunması təşkil edir: “Bu nəyə görə vacibdir? İlk növbədə ona görə ki, KİV istənilən qurum üçün öz informasiyasını kütləyə çatdırmaq baxımından ən səmərəli vasitələrdən biri və birincisidir. İkincisi, hər bir təşkilat barədə KİV-də istənilən zaman istənilən informasiya yayıla bilər. Təşkilatın bunu istəyib-istəməməsindən asılı olmayaraq. Buna görə də çalışmaq lazımdır ki, təşkilat barədə gedən informasiyalar üzərində monopoliya ancaq təşkilatın özündə olsun. Yəni, təşkilat barədə yayılan informasiyalar təşkilatın özü tərəfindən ötürülsün. Üçüncüsü, nəzərə alınmalıdır ki, yaşadığımız əsri informasiya əsri adlandırırlar, yəni,
İNDİ İNFORMASİYA MÜHÜM DƏYƏRƏ MALİK ƏMTƏƏYƏ ÇEVRİLİB.
Əbəs yerə deyil ki, bu informasiyanı yayan KİV dördüncü hakimiyyət kimi cəmiyyətdə öz yerini möhkəmlədə bilib. KİV-in ictimai rəyin formalaşdırılmasında rolu əvəzolunmazdır. Bu səbəbdən də, onunla düzgün münasibətlərin yaradılıb saxlanılması olduqca mühümdür”. R.Rzayevin sözlərinə əsasən,KİV-lə əlaqələrin səmərəliliyini təmin etmək üçün Mətbuat xidməti yaradılır. Mətbuat xidməti ictimaiyyətlə əlaqələr bölməsinin tərkibində yaradılır. Adətən, mətbuat xidməti funksiyasını bir nəfər həyata keçirir. Böyük təşkilatlarda bu xidmət bir neçə nəfərdən ibarət ola bilər: “Mətbuat xidməti kütləvi informasiya vasitələri anlayışına daxil olan bütün informasiya daşıyıcılarıyla əlaqələrin qurulub qorunmasına cavabdehdir. Mətbuat xidmətini təmsil edən şəxs bir neçə önəmli xüsusiyyətə malik olmalıdır. O, ilk öncə təmsil etdiyi təşkilat, qurum, universitet barədə yetərincə məlumatlı olmalıdır. Bunlardan savayı, o ünsiyyətcil olmalı, istənilən insanla tez və asan münasibətlər yaratmağı, tərəf-müqabilinin inamını qazanmağı bacarmalıdır. Mətbuatla əlaqələrə cavabdeh şəxsin jurnalistika sahəsinə normal bələd olması vacibdir. O, mətbuatın “mətbəxi”ndən xəbərdar olmalı, informasiyaların işlənmə qaydalarıyla tanış olmalı, hər hansı bir informasiyanın mətbuat üçün yararlı hala salınmasını bacarmalıdır. O, jurnalist kimi yazı yazmağı, korrektor kimi səhvlər üzərində işləməyi, redaktor kimi redaktə etməyi bilməlidir”.
Sevinc QARAYEVA