muallim.edu.az: Xəttatlığa həsr olunmuş seminar
Qafqaz
Universiteti Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət
göstərən sənət kurslarında "Türk sənətləri haqqında
bilgilər" mövzusunda silsilə seminarlara start verilib.
Bu günlərdə keçirilən ilk seminarın mövzusu "Ebru və
hüsnxət" adlanırdı. Universitetin dövlət və bələdiyyə
idarəetməsi bölməsinin "Xüsusi istedadlar" qrupu ebru və
hüsnxət sənəti haqqında iştirakçılara geniş məlumat
verdilər. Ebru kursunun müəllimi Təranə Məmmədova bu sənətin
tarixi, inkişaf mərhələsi, ebru növləri və onun tətbiq
olunduğu yerlərlə bağlı geniş açıqlama verdi. Qədim
ebru sənəti ustalarından Hatib Mehmet Əfəndi, Şebek
Mehmet Əfəndi, Hikmət Barutçugil, Fuat Başar haqqında
danışdı.Tələbələr ebru sənəti ilə praktik məşğul olaraq
eyni zamanda iki ibrətamiz hekayə dinlədilər.
Hüsnxət sənətinin təməli, tarixi, inkişaf mərhələləri,
hüsnxət üslubları: kufi yazı, sülüs yazı, nəsih yazı,
muhakkak yazı, rika yazı, tevki yazı, talik yazı
çeşidləri haqqında dosent Arzu Məmmədova geniş məlumat
verdi.
Hüsnxət üçün istifadə edilən materiallar: kağız, qələm
və mürəkkəbin necə hazırlanması qaydaları izah edildi.
Hüsnxət sənətinin Osmanlı dövləti zamanında daha da
inkişaf etməsi və məşhur xəttatlar haqqında məlumatlar
tələbələrin böyük marağına səbəb oldu.
Günümüzün istedadlı xəttatlarından Ali Alparslan, Həsən
Çələbi, Hüseyin Kutlu, Fuat Başar və bu ustadların
yetişdirdiyi xəttatların bu bənzərsiz sənəti yeni
zirvələrə qaldıran əsərləri videoslaydlarla göstərildi.
Hüsnxət sənətinin istifadə edildiyi yerlər, memarlıq
abidələri, daxili tərtibatda istifadəsi haqqında
videokadrların nümayişi ilə müşayiət olunan məlumat
verildi.
Xarici ölkələrdə təşkil olunan xətt sənəti
yarışmalarında müxtəlif yazı çeşidlərində mükafata
layiq görülmüş xətt yazıları göstərildi, bu sənətlə
məşğul olan xəttatların nə qədər səbrli, təmkinli və
diqqətli olmaları, öz işinə hörmətlə yanaşmaları önə
çəkildi.
Seminar tələbələrə sənətlə gözəlləşən sevgi dolu bir
həyat yaşamaları arzusuyla başa çatdı.
Y.ƏLİYEV