Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım Türkiyənin Ülke Tv adlı kanalında Seyid Yəhya Bakuvidən danışdı
16 January, 2012
Yanvar ayının 14-də Türkiyənin Ülke Tv adlı kanalında yazıçı Sadık Yalsızuçanların təqdim etdiyi Açık Deniz proqramına
Qafqaz Universitetinin dosenti, Qafqaz Araşdırmaları İnstitutunun
müdiri Mehmet Rıhtım dəvət edilmişdi. Üç saat davam edən veriliş XIV
əsrin məşhur Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmişdi.
Qeyd edək ki, illərdir bu mövzu ilə bağlı araşdırmalar aparan
Dos.Mehmet Rıhtım Seyid Yəhya Bakuvinin həyatı ilə bağlı bir monoqrafiya
və mütəfəkkirin irihəcmli bir əsərinin tənqidi mətnini işləyib
hazırlamış, çoxlu sayda məqalələr nəşr etdirmişdir.
Verilişi açan Sadık Yalsızuçanlar öncə dos.Mehmet Rıhtımın nəşr olunmuş bəzi kitablarını nümayiş etdirərək
məlumat verdi, daha sonra Seyid Yəhya Bakuvi ilə bağlı suallarını
Mehmet bəyə ünvanlamağa başladı. Sualları cavablandıran Mehmet Rıhtım
Azərbaycan tarixi ilə bağlı önəmli məlumatları oxuculara çatdıraraq,
Bakuvinin yaşadığı dövrün sosial-siyasi mənzərəsini canlandırdı. Daha
sonra mütəfəkkirin həyatı haqqında məlumat verərək yaşadığı mühiti
təsvir etdi. Aparıcının suallarına müqabil Seyid Yəhya Bakuvinin elmi və
irşad fəaliyyətlərinə də toxunan dos.Mehmet Rıhtım mütəfəkkirin
Azərbaycan və Türkiyə təsəvvüf tarixində də mühüm rol oynadığını qeyd
etdi. İndiyədək davam edən Xəlvətiyyə sufi məktəbinin ən önəmli
mürşidlərindən olan Seyid Yəhyanın təsəvvüf tarixində “Piri-Sani”
(İkinci pir) olaraq adlandırıldığını vurğuladı.
Mehmet
bəy Aparıcı Sadık Yalsızuçanların “Seyid Yəhyanın təsiri ilə yetişmiş
şəxsiyyətlər kimlərdir” sualına cavab olaraq mütəfəkkirin Anadoluda və
Azərbaycanda yetişdirdiyi müridlərdən, onun təsirilə yazmış şairlərdən,
sufilərdən bəhs edərək bu şəxsiyyətin həyatı və əsərlərinin
öyrənilməsinin önəmini əsaslandırdı. Verilişin sonunda Seyid Yəhyanın
əsərləri haqqında məlumat verən dos.Mehmet Rıhtım, onun həm ərəb, həm
türk, həm də fars dillərində əsərləri olduğunu söylədi və yaxın
gələcəkdə digər əsərlərinin də nəşrə hazırlanacağını bildirdi.
Sadık Yalsızuçanlar verilişi yekunlaşdıraraq təşəkkür etdi və mart ayında Mehmet bəyi təkrar qonaq edəcəklərini bildirdi.