"Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial hüquqlar" mövzusunda işçi seminar keçirilmişdir
22.01.2012
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış hüquqi islahatlar
ölkəmizin sürətli inkişafı və vətəndaşların sosial hüquqlarının
qorunması üçün fundamental əsaslar yaratmışdır
Yanvarın 21-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və
Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Mülki Hüquq Tədqiqat
Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmiş sosial hüquqlar" mövzusunda işçi
seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, hakimlərin, ekspert-hüquqşünasların və
vəkillərin iştirak etdikləri seminarı giriş sözü ilə Konstitusiya
Məhkəməsinin hakimi Ceyhun Qaracayev açaraq demişdir ki, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə başlanmış hüquqi islahatlar ölkəmizin
bütün sahələrində, o cümlədən iqtisadi sahədə sürətli inkişafı, həmçinin
vətəndaşların sosial hüquqlarının dövlət tərəfindən qorunması üçün
fundamental əsaslar yaratmışdır. Ulu öndərin müəllifi olduğu 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi yolu qəbul edilmiş Azərbaycan
Respublikasının ilk demokratik Konstitusiyasında insanların sosial
hüquqlarının qorunması üçün bir sıra mühüm maddələr əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata
keçirilən sosial proqramlar vətəndaşların məhz Konstitusiya hüquqlarının
təmin edilməsinə yönəlmişdir.
Qafqaz Universitetinin prorektoru Cihan Bulut demişdir ki,
Azərbaycanın sürətli inkişafına məhz təkmil hüquqi baza öz töhfəsini
verir.
Sonra çıxış edən hakimlər, mülki hüquq üzrə mütəxəssislər
vətəndaşların Konstitusiyada təsbit edilmiş sosial hüquqlarının
müdafiəsi ilə bağlı Konstitusiya Məhkəməsinin, habelə İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan danışmış, bu sahədə
beynəlxalq təcrübə ilə bağlı müzakirələr aparılmışdır.
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=6145