20 YANVAR: Şanlı tariximizin qanlı səhifəsi

“20 yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür. Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı yanvar”, “qanlı şənbə” kimi yazıldı.
 
“20 yanvar” təqvimdə, bəlkə də, birçoxları üçün adi, bəzi millətlər üçün əlamətdar bir hadisənin təntənəli sürətdə qeyd edildiyi bir gündür. Azərbaycan xalqının tarixinə isə 20 yanvar 1990-cı ildən etibarən “qanlı yanvar”, “qanlı şənbə” kimi yazıldı. 1990-cı il yanvarın 19-dan 20 - nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Azərbaycan 1918-ci il mart qırğınlarında, 1920-ci il 28 aprel işğalında olduğu kimi bir kərə daha sovet-rus zülmü ilə üzləşdi. Azərbaycan xalqının iradəsini qırmaq, xalqın azadlıq arzusunu qanla boğmaq, bölgəni nəyin bahasına olursa-olsun, əldə saxlamaq düşüncəsi tarixdəki qanlı oyunların təkrar səhnəyə qoyulmasına gətirib çıxardı.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollardan nail olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların azadlıq istəklərini tankların tırtılları altında yox etməkdi. Ancaq sovet imperiyası buna nail ola bilmədi. Azərbaycan xalqı bu hadisə qarşısında daha da mətinləşdi, qızıl ordu terroruna qurban verdiyi övladlarını itki kimi görmədi və onları ölümün ən yüksək mərtəbəsi olan şəhidlik zirvəsi kimi bağrına basdı. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Bu hadisədən cəmi 9 ay sonra Azərbaycan öz müstəqilliyini elan elədi. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermə planı, imperyanı zor gücünə mühafizə etmə təşəbbüsü də boşa çıxmış oldu. Baltikyanı respublikaların müstəqillik elan etmələrindən sonra Azərbaycanın da müstəqilliyini bəyan etməsi digər cümhuriyyətlərə də bir növ nümunə təşkil elədi və SSRİ-nin dağılması qaçınılmaz oldu. Bu mənada, bəlkə də, Bakıda törədilən qanlı 20 yanvar hadisələri sovet imperiyasının dağılmasını sürətləndirən bir hadisə oldu.

Azərbaycana qarşı işlənilən bu cinayət yuxarıda qeyd edilən siyasi nəticələri doğurmaqla birlikdə xalqın nəzərində açıqlığa qovuşdurulmamış bir cinayət kimi də qalmaqdadır.

Nəyə görə Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə məlumat hadisələrdən sonra - yanvarın 20-də verilmişdir? Görəsən, əməliyyatlarda bu dərəcədə kütləvi olaraq ağır silahlardan istifadəyə nə dərəcədə ehtiyac vardı? Bunu nə ilə əsaslandırmaq olar? Şübhəsiz ki, dinc əhaliyə qarşı bu dərəcədə silah tətbiq etmək cinayətdir.

Soruşulması lazım gələn suallardan biri də insanlarımızın qətl edilməsinin qarşısını almaq mümkün ola bilərdimi? Bu məsələ tarixdən dərs almaq, gələcəkdə belə faciələrin meydana gəlməsinin qarşısını almaq baxımından əhəmiyyətlidir. Təbii ki, hadisənin ibrətli məqamları da yaxşı təhlil edilməlidir. Sovet hakimiyyətinin ağılasığmaz haqsızlıqları qarşısında o tarixdə Azərbaycanın idarəçilərinin tutduqları zəif mövqenin, öz daxilimizdə ortaya çıxan müxtəlif çəkişmələrin xalqımıza baha başa gəldiyini dərk etməliyik və buradan lazımi dərsləri çıxarmalıyıq. 

Şəhidlərimiz 100 minlərlə insanımızın çiynində şəhərin ən yüksək yerlərindən olan, sovet işğalından öncə də şəhid məzarlığı olmuş, daha sonra Dağüstü Park adlandırılan təpədə dəfn edildilər. Onların yanlarında onlarla Dağlıq Qarabağ şəhidlərimiz dəfn edildi. Bura xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir səlnaməsinə çevrildi. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
 20.01.2011
Dr. Ədalət İbadov (Qafqaz Universiteti) 
Dr. Şölə İsayeva (Qafqaz Universiteti)

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF