Qafqaz Universiteti ilə AMEA-nın İqtisadiyyat İnstitutu arasında müqavilə imzalanıb
12:13 / 13.01.2012
Dünən Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni universitetin rektoru Ahmet Sanic və AMEA-nın İqtisadiyyat
İnstitutunun direktoru, iqtisad elmlər doktoru İsa Alıyev imzalayıblar.
Tədbirdə çıxış edən A.Sanic in sözlərinə görə, birmənalı olaraq qeyd
etmək lazımdır ki, təməlləri ulu öndər Heydər Əliyev tərəfindən atılmış
olan Azərbaycan iqtisadiyyatının “Azərbaycan 2020: gələcəyə baxış”
konsepsiyası istiqamətində inkişaf etdirilməsində hörmətli nümayəndələri
burada iştirak edən bütün təşkilatların üzərinə böyük vəzifələr düşür.
Daha sonra çıxış edən İsa Alıyev vurğulayıb ki, bu konsepsiya ilə bağlı
Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandıqdan qısa bir müddət
sonra 29 dekabr 2011-ci il tarixində “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident
Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin sədrliyi
ilə dəyirmi masa keçirilib. Konsepsiyanın əsas məqamları Azərbaycanın
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm
xadimləri, araşdırma mərkəzlərinin nümayəndələrinin iştirakı ilə geniş
müzakirə olunub. Dəyirmi masada qeyd olunub ki, Konsepsiyanın
hazırlanması zamanı dövlət və ictimai təşkilatlarla geniş müzakirələr
aparılmalıdır. Dünən keçirilən seminarda da müzakirə edilən mövzu bu
istiqamətdə həyata keçirilən tədbirlərdən biri idi.
Daha sonra tədbirdə
çıxış edən İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi
Tədqiqat İnstitunun direktoru, iqtisad elmlər doktoru Vilayət Vəliyev
isə bildirib ki, Azərbaycanın gələcəyi innovasiyalı iqtisadiyyatdan çox
asılıdır. Daha sonra nazirlik rəsmisi Azərbaycanda həyata keçirilən
maliyyə, pul-kredit sistemi, ərzaq təhlükəsizliyi siyasətindən danışıb.
Onun sözlərinə görə, dövlət bu gün davamlı iqtisadi inkişafın təmin
olunması məqsədi ilə sahibkarlığın inkişafına böyük diqqət ayırır.
Sözügedən konsepsiyanın qarşıya qoyduğu məqsədlərdən biri məhz
Azərbaycanda rəqabət qabiliyyətli məhsul yetişdirməkdir. Bu konsepsiyaya
əsasən təhsilin elmlə inteqrasiyası təmin olunmalı, neftsiz Azərbaycan
iqtisadiyyatının inkişafına nail olunmalıdır.
S.QARAYEVA http://www.525.az/view.php?lang=az&menu=19&id=39660
