Naxçıvan türk liseyləri fərqləniblər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il qəbul imtahanlarının nəticələri ilə bağlı statistik məlumatları “Abituriyent” jurnalında dərc edib. Jurnalda ölkəmizdəki orta təhsil müəssisələrinin ümumi göstəriciləri nəzərə alınaraq, ən yaxşı nəticə göstərmiş məktəblər sıralanıb.
Bu göstəricilərə əsasən, ali məktəblərə son qəbul imtahanlarında ən yaxşı nəticə göstərmiş ilk 15 məktəb arasında Naxçıvan Muxtar Respublikasından 3 məktəb yer alıb. Belə ki, Naxçıvan Türk Liseyi 2-ci, Şərur Türk Liseyi isə 7-ci olub. Ordubad Qız Liseyi isə 11-ci yerdə qərarlaşıb. Naxçıvan Türk Liseyi ədəbiyyat, riyaziyyat, fizika, kimya, coğrafiya fənləri üzrə ortalamalarında ölkə birincisi olub. Şərur Türk Liseyi tarix fənni üzrə ikinci, fizika və kimya fənləri üzrə isə üçüncü olub.
Naxçıvan Türk Liseylərinin baş direktoru Murat Çapan bizimlə söhbətində təhsilə göstərilən qayğıdan və qazanılan uğurlardan söz açmaqla yanaşı bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə fəaliyyətə başlayan Naxçıvan türk liseylərinin indiyədək 1000 nəfərdən artıq məzunu olub: “Ali məktəblərə ötən il keçirilən qəbul imtahanlarında hər üç liseyimizdən 145 məzunumuzun 82 nəfəri 500-700 intervalında bal toplayıb, onlardan 3 məzun isə Prezident təqaüdünə layiq görülüb”. Onun sözlərinə görə, bütün bu göstəricilər ölkə və muxtar respublika rəhbərliyinin təhsilə göstərdiyi yüksək qayğının nəticəsidir”.
Qeyd edək ki, sıralamada Naxçıvan Muxtar Respublikasının Babək rayon Kərimbəyli kənd tam orta məktəbi alman dili üzrə üçüncü, Şərur rayon Yengicə kənd tam orta məktəbi ilə Kəngərli rayon Qarabağlar kənd 2 saylı tam orta məktəbi fransız dili üzrə müvafiq olaraq, dördüncü və səkkizinci olublar.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF