Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb
Qonaqların
Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki
ölkə arasında təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi istiqamətində qarşıda duran mühüm
vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil
dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin
inkişafına daim böyük önəm verdiyini, bu kursun ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayıb.
Ölkələrimiz arasında təhsil sahəsində genişlənən
əməkdaşlığın milli maraqlarımız baxımından əhəmiyyətini
diqqətə çatdıran Misir Mərdanov "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
təhsil müəssisələrinin, o cümlədən Qafqaz
Universitetinin uğurları barədə ətraflı məlumat verib.
Təhsil naziri Qafqaz Universitetlər Birliyinin ali
məktəblərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni
mərhələyə qaldıracağına əminliyini ifadə edib, bu
qurumun yaradılmasında əməyi olanlara təşəkkürünü
bildirib.
Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər
Birliyinin rəhbəri Ramazan Qorxmaz 2009-cu ildə
yaradılan, 24 universitetin təmsil olunduğu qurumun qısa
müddətdə keçdiyi inkişaf yolundan danışıb. Rektor
bildirib ki, Qafqaz Universitetlər Birliyinin əsas
məqsədi müxtəlif ölkələrin ali məktəbləri arasında birgə
əməkdaşlığı genişləndirmək, gələcək inkişaf
perspektivlərini müəyyənləşdirmək, dünyanın qabaqcıl
universitetləri ilə əlaqələrin qurulması işinə təkan
vermək, müəllim və tələbə mübadiləsini dəstəkləməkdən
ibarətdir.
Qafqaz Universitetinin rektoru Sami Özcan qeyd edib ki,
bu gün Azərbaycanın və Türkiyənin inkişaf yolu bütün
sahələrdə münasibətlərin daha da dərinləşdirilməsini
zərurətə çevirib. Universitetlərarası əlaqələrin
inkişafına diqqət çəkən qonaq bu baxımdan Qafqaz
Universitetlər Birliyi çərçivəsində əməkdaşlığın
inkişafının əhəmiyyətindən söz açıb.
Misir Mərdanov Azərbaycan ilə Türkiyənin mehriban
qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi
araşdırmaların əhəmiyyətinə toxunub, tariximizin dolğun
şəkildə gələcək nəsillərə çatdırılmasının vacibliyini
vurğulayıb. Bu işdə Qafqaz Universitetlər Birliyinin
üzvü olan tədris ocaqlarının üzərinə mühüm vəzifələrin
düşdüyünü söyləyən nazir birgə konfrans və
simpoziumların keçirilməsinin zəruriliyini qeyd edib.
Qafqaz Universitetlər Birliyinin ali məktəblər
arasındakı əməkdaşlığı daha da gücləndirəcəyinə
əminliyini ifadə edən təhsil naziri bu qurumun
fəaliyyətinə hər cür dəstək veriləcəyini diqqətə
çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil
Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov,
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva,
Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham
Mustafayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin
rektoru Əhməd Saniç və Avrasiya Universitetinin rektoru
Cəlil Nağıyev iştirak ediblər.
|