Təki Vətən sağ olsun



20 January, 2012
Qafqaz Universiteti foyesinin bu günki tərtibatı hər kəsi ayaq saxlamağa və Vətən uğrunda şəhid olanları sükutla yad etməyə səfərbər edirdi. Matəm melodiyasının müşayiət etdiyi 1990-cı il 20 yanvar faciəsini əks etdirən fotostendlər Azərbaycanın istiqlaliyyət yolunu işıqlandırdı.
Universitetin Mədəniyyət şöbəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cu il, 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirləri çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı  anım mərasimi keçirildi. Mərasimin rəsmi hissəsində çıxış edən universitetin  prorektoru, professor Niftalı Qocayev şahidi olduğu 20 yanvar tarixi haqqında dolğun məlumat verdi. Videogörüntülər vasitəsilə 20 yanvar gecəsinə işıq salan natiq bu qanlı tarixi günə ilk dəfə qiyməti hələ Moskvada yaşayarkən ulu öndər Heydər Əliyevin verdiyini vurğuladı. Niftalı müəllim qeyd etdi ki,  bütün hədə-qorxulara baxmayaraq ulu öndər Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin bu işdə əli olduğunu açıqca bildirmişdi.
 Sonra dram kollektivinin ifasında Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhləşdirilən ədəbi-bədii kompazisiya  təqdim  oludnu. Kompazisiyada 1990-cı ilin yanvar qırğını canlandırıldı, lakin xalqının iradəsinin, milli azadlıq uğrunda əzminin qırılmadığı, həlak olan vətən övladlarının Azərbaycan tarixinə parlaq səhifə yazdığı bədii obrazlı şəkildə nümayiş olundu. Tələbə-aktyorlar Azərbaycan bayrağını fəxrlə yüksəkdə tutaraq müstəqilliyə yol açan 20 yanvar tarixinin həm də qürur günü olduğunu diqqətə çatdırdılar.
Mərasim universitet rəhbərliyi və kollektivinin, “Oğuz” və “Sənaye mühəndisliyi” klubu üzvlərinin hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarətlə davam etdi.  Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üstünə  və “Əbədi məşəl” abidəsinin önünə çiçəklər qoyuldu.
Azərbaycanlı qardaşları ilə birlikdə əbədi olaraq uyuyan Qafqaz İslam Ordusunun igid ərləri yad edildi. Universitetin ibtidai sinif müəllimliyi kafedrasının professoru, doktor Əjdər Ağayev burada uyuyan şəhidlərimizin millətin şərəfi, namusu üçün qurban getdiklərini söylədi. 22 il öncə Azərbaycan xalqının qorxunc günlər yaşadığını vurğulayan Əjdər Ağayev  inamla bildirdi ki, şəhidlərə matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başımızı dik tutmalıyıq.  Qafqaz Araşdırmaları İnstitutunun professoru, doktor Minaxanım Təkləli “Şəhidlər Xiyabanı”nın Azərbaycanda və ümumiyyətlə Türk dünyasında bir simvol mahiyyəti daşıdığını bildirdi. Maraqlı tarixi faktlara toxunan alim ziyarətçilərə xitabən “Məlum oduğu kimi Şəhidlər Xiyabanının yerində Sovet hakimiyyəti illərində park salınmış, beləliklə bu vətən torpağı üçün canlarını fəda edən şəhidlərin əziz xatirəsi incidilmişdi. Azərbaycanın yenidən müstəqillik qazanmasıyla sanki şəhidlər xiyabanı da uzun illər içində olduğu əsarətdən qurtuldu.  Şəhidlər Xiyabanındakı Qafqaz İslam Ordusunun xatirəsini əbədiləşdirmək üçün ucaldılan fəxri məzarlar həm Türkiyə-Azərbaycan qardaşlığının ölməz nişanəsi, həm də vətən uğrunda şəhid olan igidlərin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir” söylədi.
Anım mərasimi şəhidlərin ruhuna oxunan dualarla yekunlaşdı.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF