“Ümumi evimiz - Yer kürəsi” maraqla qarşılanıb
Sumqayıt Özəl Türk Liseyində “Ümumi evimiz -
Yer kürəsi” mövzusunda elmi-praktik tədbir keçirilib. Tədbirdə liseyin
şagirdləri slayd, pano və maket kateqoriyalarında fərdi işlərini nümayiş
etdiriblər.
Liseyin coğrafiya müəllimi Namiq
Ağaməmmədov tədbirin keçirilməsinin əhəmiyyəti və məqsədi barəsində
geniş şəkildə məlumat verdi. O bildirib ki Yer kürəsini qorumaq və
öyrənmək bu planetin sakinlərinin müqəddəs borcudur. O həmçinin qeyd
edib ki, belə tədbirlər şagirdlərin intellektual səviyyələrini artırmağa
və onlarda özünəinamı aşılamağa xidmət edir.
Qeyd edək ki, tədbirdə Sumqayıt Şəhər Gənclər və İdman Baş
İdarəsinin rəisi Musa Həsənov, Sumqayıt Şəhər Təhsil Söbəsinin
əməkdaşları - Sabir Məmmədov və Sabirə xanım Hüseynli də iştirak
ediblər. Tədbir qonaqlar və valideynlər tərəfindən böyük maraqla
izlənilib. Bəzi şagirdlərin öz işlərini ingilis dilində təqdim etmələri
təqdirəlayiq hal kimi qiymətləndirilib.
Tədbirin sonunda müxtəlif kateqoriyalarda fərqlənmiş şagirdlərə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.