AMEA Folklor İnstitutu arasında əlaqələr genişlənir

 14.01.2012
Qafqaz Universitetinin rektoru, professor Əhmet Sanic Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunda olub. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisəsində görülən işlər haqqında qonağa ətraflı məlumat verib. M.İmanov bildirib ki, Folklor İnstitutunun əsas məqsədi Azərbaycan folklorunun və türk mifoloji mətnlərinin respublikanın bütün regionlarından, xarici türk folklor bölgələrindən toplanması, sənədləşdirilməsi, elmi təsnifi, tərtibi və kataloqlaşdırılması, həmçinin folklor mətnlərinin üzə çıxarılması, Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının və onların əsasında folklor külliyatının hazırlanmasıdır: “Folklor İnstitutu 1994-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdində “Folklor sarayı” Elmi Mədəni Mərkəzi kimi fəaliyyətə başlayıb. Fəaliyyəti ərzində İnstitut Azərbaycan folkloru, Türk xalqları folkloru, Aşıq yaradıcılığı, Kompüter mərkəzi struktur bölmələrindən ibarət olub, 2000-ci ildə “Kitabi Dədə Qorqud”un 1300 illik yubileyi ilə əlaqədar olaraq mərkəz əlavə Qorqudşünaslıq şöbəsi ilə zənginləşib. 2003-cü ildən isə İnstitut AMEA-nın müstəqil struktur vahidinə – İnstituta çevrilib”.
Yaxın günlərdə Qafqaz Universitetində hər iki qurumun gələcək əməkdaşlıq məsələlərinin “dəyirmi masa”da müzakirə edilməsi qərara alınıb. A.Sanic səmimi görüş üçün M.İmanova minnətdarlığını bildirib, onu rəhbərlik etdiyi universitetə dəvət edib, Folklor İnstitutunun kollektivinə böyük uğurlar arzulayıb.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF