Qafqaz Universiteti Mülki Hüquq Mərkəzi və Bakı şəhər Konstitusiya Məhkəməsi simpozium keçirdi
Qafqaz
Universiteti nəzdində fəaliyyət göstərən Mülki Hüquq Tədqiqatları
Mərkəzi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə
birgə Konstitusiya Məhkəməsinin konfrans zalında 21 yanvar 2012-ci il
tarixində “Bank kredit müqavilələri ilə bağlı qaydalar: nəzəri və
praktiki problemlər və həlli yolları” mövzusuna həsr olunmuş
elmi-praktik simpozium keçirilmişdir. Simpoziumda Bakı Dövlət
Universiteti də yaxından iştirak etmişdir.
Simpoziumda
Azərbaycan Respublikası Məhkəmə sisteminə daxil olan ayrı-ayrı
instansiya məhkəmələrinin nümayəndələri, AR Mərkəzi Bankı da daxil
olmaqla 10-dan çox bankın nümayəndəsi, vəkillər və elm xadimləri iştirak
etmişdir.
Simpozium
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin açılış nitqi ilə öz
işinə başladı. Daha sonra Qafqaz Universiteti rəhbərliyi adından Tədris
İşləri üzrə prorektor Professor Cihan Bulut açılış nitqi söylədi.
Natiqlər tədbirin əhəmiyyətini vurğulayaraq inkişaf edən Azərbaycanın
Hüquq sisteminin də sürətlə inkişaf etdiyini diqqətə çatdırdılar. Bu
inkişafda elm dünyasının da aktiv rol almalı olduğu tədbir
iştirakçılarının diqqətinə çatdırıldı.
Simpoziumda
Qafqaz Universiteti Mülki Hüquq Tədqiqat Mərkəzinin müdiri Dosent
Sərvər Süleymanlı “İpoteka ilə bağlı qanunvericilikdə qarşıya çıxan
problemlər və həlli yolları” mövzusunda, Apelyasiya Məhkəməsinin hakimi
İlqar Dəmirova “Bank kredit müqavilələri ilə bağlı məhkəmə praktikasında
qarşılaşılan problemlər” mövzusunda müstəqil ekspert qismində iştirak
edən vəkil Əkrəm Həsənov “Kredit müqavilələri ilə bağlı Mülki
Qanunvericilikdəki problemlər” mövzusunda məruzə ilə çıxış etdilər.
Simpoziumda təqdim olunan hər bir məruzə tədbir iştirakçıları tərəfindən geniş şəkildə müzakirə edildi.
Yekunda
müzakirələrin tam mətninin dərc olunacağı qeyd edildi. Belə tədbirlərin
əhəmiyyəti bir daha vurğulanaraq tez-tez təşkil olunmasının faydalı
olacağı ifadə edildi.