“Qafqaz”ın üstünlükləri
Qafqaz
Universitetinin “Journal of Qafqaz University” beynəlxalq elmi
jurnalında universitetin prorektoru Şahin Durmazın “Qafqaz” tələbələri
arasında keçirilmiş sorğunun (Qafqaz Universiteti tələbələrinin
bəyəndikləri) nəticələrinə dair araşdırması dərc edilib.
1/18/2012 4:48:45 AM
Tədqiqat işində Qafqaz Universitetində
təhsil alan 811 tələbənin keyfiyyət anlayışları, universitetdə
bəyəndikləri məsələlərlə bağlı dəyərləndirmələr araşdırılıb və digər
rəqiblərinə nəzərən bu təhsil ocağını seçmələrində rol oynayan üstün
cəhətlər təsbit edilib.
Şahin bəyin fikrincə, valideynlər
övladlarının müasir tələblərə cavab verən ali təhsil ocaqlarında təhsil
almaları üçün bütün maddi imkanlarını səfərbər edirlər. Bu mənada ali
təhsil ocaqlarında günün tələblərinə uyğun təhsil verilməsi labüddür.
Müəllif bildirir ki, ali təhsil ocaqları
tələbə və valideynlərin etimadını qazanmaq üçün, ilk növbədə,
keyfiyyətli təhsil müəssisəsi olduğunu isbat etməlidir. Buna nail olmaq
üçün tələbələrin ehtiyaclarını maksimum səviyyədə təmin etməklə yanaşı,
onların yaradılmış təhsil sistemindən razı qalıb-qalmamalarını da
müəyyən etmək lazımdır. Tələbələrin məmnun olduqları məsələləri müəyyən
etmək universitet rəhbərliyi üçün ali təhsil prosesinin strategiyasının
formalaşdırılması və bunun dayanıqlığının təmin edilməsi üçün də çox
vacibdir.
Araşdırmalara görə, tələbələr “Qafqaz”da
təhsilin keyfiyyətli olmasını, həm də təhsil zamanı intizam və ədalət
prinsipini, beynəlxalq əlaqələri, xarici dil tədrisini, rüşvətin
olmaması kimi amilləri əsas gətirərək, bura üz tuturlar. Tələbələri razı
salan məsələlərdən biri də müəllim-tələbə münasibətlərinin düzgün
tənzimlənməsidir. Sorğuda iştirak edənlər universitetin üstün
cəhətlərindən biri kimi bu tədris ocağının rəhbərliyinin onların
dərsdənkənar vaxtlarının səmərəli təşkili ilə əlaqələndirib. Burada
fəaliyyət göstərən dərnək və klublar, həmçinin təşkil olunan bilik
müsabiqələri, şənliklər, seminarlar, milli və beynəlxalq tələbə
konfransları, müxtəlif idman turnirləri də tələbələrin ürəyincədir.
Sonda araşdırmanın nəticəsi kimi qeyd
edilib ki, müasir dövrdə inkişaf edən texnologiya ilə ayaqlaşan və
bundan faydalana bilən tələbələr yetişdirilməlidir. Prorektor Şahin
Durmaz onu da qeyd edib ki, ali təhsil ocaqları bunlarla yanaşı,
tələbələrin ailə, cəmiyyət, iş dünyası və sairə ilə də düzgün
əlaqələrinin qurulmasında önəmli rol oynamalıdır.