“Qafqaz”ın üstünlükləri
18 January, 2012
Qafqaz
Universitetinin “Journal of Qafqaz University” beynəlxalq elmi
jurnalında universitetin prorektoru Şahin Durmazın “Qafqaz” tələbələri
arasında keçirilmiş sorğunun (Qafqaz Universiteti tələbələrinin
bəyəndikləri) nəticələrinə dair araşdırması dərc edilib. Tədqiqat işində
Qafqaz Universitetində təhsil alan 811 tələbənin keyfiyyət anlayışları,
universitetdə bəyəndikləri məsələlərlə bağlı dəyərləndirmələr
araşdırılıb və digər rəqiblərinə nəzərən bu təhsil ocağını seçmələrində
rol oynayan üstün cəhətlər təsbit edilib.
Şahin
bəyin fikrincə, valideynlər övladlarının müasir tələblərə cavab verən
ali təhsil ocaqlarında təhsil almaları üçün bütün maddi imkanlarını
səfərbər edirlər. Bu mənada ali təhsil ocaqlarında günün tələblərinə
uyğun təhsil verilməsi labüddür.
Müəllif
bildirir ki, ali təhsil ocaqları tələbə və valideynlərin etimadını
qazanmaq üçün, ilk növbədə, keyfiyyətli təhsil müəssisəsi olduğunu isbat
etməlidir. Buna nail olmaq üçün tələbələrin ehtiyaclarını maksimum
səviyyədə təmin etməklə yanaşı, onların yaradılmış təhsil sistemindən
razı qalıb-qalmamalarını da müəyyən etmək lazımdır. Tələbələrin məmnun
olduqları məsələləri müəyyən etmək universitet rəhbərliyi üçün ali
təhsil prosesinin strategiyasının formalaşdırılması və bunun
dayanıqlığının təmin edilməsi üçün də çox vacibdir.
Araşdırmalara
görə, tələbələr “Qafqaz”da təhsilin keyfiyyətli olmasını, həm də təhsil
zamanı intizam və ədalət prinsipini, beynəlxalq əlaqələri, xarici dil
tədrisini, rüşvətin olmaması kimi amilləri əsas gətirərək, bura üz
tuturlar. Tələbələri razı salan məsələlərdən biri də müəllim-tələbə
münasibətlərinin düzgün tənzimlənməsidir. Sorğuda iştirak edənlər
universitetin üstün cəhətlərindən biri kimi bu tədris ocağının
rəhbərliyinin onların dərsdənkənar vaxtlarının səmərəli təşkili ilə
əlaqələndirib. Burada fəaliyyət göstərən dərnək və klublar, həmçinin
təşkil olunan bilik müsabiqələri, şənliklər, seminarlar, milli və
beynəlxalq tələbə konfransları, müxtəlif idman turnirləri də tələbələrin
ürəyincədir.
Sonda
araşdırmanın nəticəsi kimi qeyd edilib ki, müasir dövrdə inkişaf edən
texnologiya ilə ayaqlaşan və bundan faydalana bilən tələbələr
yetişdirilməlidir. Prorektor Şahin Durmaz onu da qeyd edib ki, ali
təhsil ocaqları bunlarla yanaşı, tələbələrin ailə, cəmiyyət, iş dünyası
və sairə ilə də düzgün əlaqələrinin qurulmasında önəmli rol oynamalıdır.
Elvın Əlıyev
Elvın Əlıyev