Qafqaz Universitetində müxtəlifyönlü fəaliyyətlərin tələbələr tərəfindən dəyərləndirilməsi tədqiqatı aparılıb

Müasir şəraitdə tələbələrin istəkləri artmaqda və təhsil aldıqları qurumlardan gözləntiləri çoxalmaqdadır. Bir çox tələbələr üçün həyatda qazanacaqları mövqedə ən önəmli vasitə və imkan alacaqları təhsil nəticəsində əldə edəcəkləri  bacarıq və vərdişlərdir. Bu baxımdan tələbələrin gözləntilərinin müəyyənləşdirilməsi və təhsil prosesində nəzərə alınması zəruridir. Eyni zamanda  ali təhsil müəssisələri mövcud rəqabət mühitində daha cəlbedici görünmək və tələbələri cəlb etmək üçün imkanlar təqdim etmək, varsa zəif cəhətlərini müəyyənləşdirmək və zaman keçdikcə bunları keyfiyyət kriteriyaları içərisinə daxil etmək və bu çərçivədə dəyərləndirmək məcburiyyətindədirlər. Buna nail olmaq üçün tələbələrin ehtiyaclarını, təqdim olunan xidmətlərdən razı qalıb-qalmadıqlarını müəyyən etmək zəruridir. 
Bu zərurət, habelə təhsil prosesinin strategiyasının formalaşdırılması və onun dayanıqlığının təmin edilməsində tələbələrin məmnun qaldıqları məsələlərin müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq Qafqaz Universitetində tələbələr tərəfindən onların universitetdə bəyəndikləri məsələlərlə bağlı dəyərləndirmə tədqiqatı aparılmışdır.
Dəyərləndirmə məqsədi ilə universitetin ən fəal tələbələri arasında sorğu keçirilmiş və onun nəticələri ümumiləşdirilmişdir. Araşdırmalar əsasında universitetin əməkdaşı Şahin Durmaz tərəfindən hazırlanmış məqalə "Qafqaz Universiteti" jurnalında (Journal of Qafqaz University) dərc olunmuşdur. Məqalədən aydın olur ki, araşdırmada universitetin pedaqoji, hüquq, mühəndislik və iqtisadi idarəetmə elmləri fakültələrində təhsil alan yerli və xarici tələbələr arasından təsadüfi seçilmiş 811 tələbə iştirak edib.
Məqalədə "Öyrənci məmnuniyyətini ölçmə anketi"nə daxil edilmiş "universitetdə bəyəndiyim fəaliyyətlər-istiqamətlər"lə bağlı 6 sorğuya alınmış cavablar təhlil olunmuşdur.
Təhlildən aydın olur ki, sorğuya cəlb olunmuş 811 tələbədən 453-ü suallara aydın dəyərləndirmə yazmış, 379 cavab isə boş buraxılmışdır.
Tələbələrin verdiyi cavablar içərisində ən yüksək nisbətdə qeyd edilən xüsusiyyət təhsilin keyfiyyəti ilə bağlı olmuşdur. Sorğuda əldə edilən 453 dəyərləndirmənin 122-ində bu məsələ xüsusi olaraq qeyd edilmişdir. Təlim-tədris prosesinin keyfiyyəti ilə bağlı verilən cavablarda təhsil keyfiyyəti, intizam və ədalət prinsipi, beynəlxalq əlaqələr, xarici dil tədrisi, sərbəstlik, rüşvətin olmaması kimi hallar xüsusi qeyd edilmişdir.
Təhsilin keyfiyyətini göstərən amillər içərisində tələbələr müəllimlərin bilik səviyyələrinin yüksək olmasını, təhsildə ciddiyyətin ön planda tutulmasını, qiymətləndirmə (tələbənin bilik səviyyəsinin qiymətləndirilməsi) sisteminin obyektiv və düzgünlüyünü, tez-tez elmi-praktik tədbirlərin (seminar və konfranslar) təşkil edilməsini, müəllimlərin dərs prosesində tələbələrlə dialoqa (sual-cavab) üstünlük verməsini, təlim-tərbiyəyə əhəmiyyət verilməsini (təlim-tərbiyənin təhsil prosesinin ayrılmaz bir istiqaməti olaraq qəbul edilməsi), müəllimlərin tələbələrə tədris etdikləri fənni sevdirmələrini, təhsildə keyfiyyətin əsas götürülməsini, yüksək keyfiyyətli təhsil verilməsini xüsusi qeyd etmişlər.
Sərbəstlik (müstəqillik) dəyərləndirilərkən tələbələrin fikirlərinə hörmətlə yanaşılması, səmərəli fikir və təkliflərin hər zaman nəzərə alınması, tələbələrin azadlıq hüquqlarına hörmətlə yanaşılması, daha sərbəst bir şəraitdə təhsil almalarına imkanın təmin edilmiş olması, fərdi xüsusiyyətlərin nəzərə alınması, tələbə-müəllim münasibətlərinin fərqli qurulması (münasibətlərdə sərbəstliyə üstünlük verilməsi), dürüst münasibət və tələbələrin şəxsiyyət olaraq qəbul edilməsi, tələbələrin elmi biliklərlə yanaşı insanlığa faydalı bir şəxsiyyət olaraq yetişdirilməsi istiqamətində səmərəli fəaliyyət mexanizminin tədbiq edilməsi vurğulanmışdır.
İntizam və ədalət prinsipi cavablarda tələbələrin hüquqlarına hörmətlə yanaşılması, pozulan hüquqlarının qorunması mexanizminin obyektiv işləməsi, tələbələrin söz hüququnun tanınması, imtahan qiymətləndirmə sistemində ədalət prinsipinin əsas götürülməsi, obyektivliyin qorunması, professor-müəllim heyətinin də intizamlı olması, dərsdən kənar münasibətlərdə də ədalət və obyektivliyin qorunması kimi dəyərləndirilmişdir. Tələbələrin cavablarında universitetdə rüşvətin olmaması, rüşvət hallarının ortaya çıxmaması üçün sağlam ictimai mühitin formalaşdırılmış olması da qeyd olunmuşdur.
Beynəlxalq əlaqələrdə tələbələr təhsil müddəti ərzində xaricdə müddətli təhsil alma imkanının olmasını, dünyaya inteqrasiya baxımından əhəmiyyətli olan beynəlxalq səviyyəli elmi və ictimai tədbirlərin təşkil edilməsini bəyəndikləri fəaliyyət sahələri kimi dəyərləndirmişlər.
İngilis dilinin yüksək səviyyədə öyrədilməsi, universitetdə dil laboratoriyasının fəaliyyət göstərməsi də tələbələr tərəfindən bəyənilən fəaliyyət sahələri kimi qeyd olunmuşdur.
Tələbələrin verdiyi cavablar içərisində ən çox qeyd edilən məsələlərdən biri müəllim-tələbə münasibətləri olub. 453 dəyərləndirmənin 86-da bu məsələyə münasibət bildirilmişdir. Verilən cavablar içərisində xüsusilə `təhsil işçiləri ilə tələbələrin bir-birlərinə hörmətlə münasibət bəsləmələri, məsləhətçi rəhbərlərin (tyutor) tələbələrin problemləri ilə yaxından maraqlanmaları və onları dinləmələri, onlara faydalı məsləhətlər vermələri` kimi halları xüsusi qeyd oluna bilər.
Tələbələrin universitet daxilində bəyəndikləri istiqamətlərdən biri sosial-mədəni proqramların təşkil edilməsidir. 453 dəyərləndirmənin 40-da tələbələr bu mövzuda məmnuniyyətlərini ifadə ediblər. Bu cavablar içərisində xüsusilə "Tələbə dərnəklərinin olması, tələbələrin dərnəklər vasitəsi ilə fərqli istiqamətlərdə inkişaf etmək imkanlarının olması" vurğulanmışdır. Bilik müsabiqələri, şeir müsabiqələri, şənliklər, seminarlar, milli və beynəlxalq tələbə konfransları, basketbol, futbol və başqa idman turnirləri kimi sosial fəaliyyətlər tələbələr tərəfindən maraqlı proqramlar olaraq qeyd edilmişdir. Bu mövzuda aşağıdakı dəyərləndirmələr diqqəti cəlb edir:
- Sosial fəaliyyətlərin inkişaf etdirilməsi üçün mükəmməl mühitin olması;
- Yazıçı, şair və digər məşhur şəxslərin dəvət edilərək tələbələrlə görüşlərinin təşkil edilməsi;
- Hər bayram ailələrə təbrik məktubunun göndərilməsi;
- "Gənclər bayramı" kimi tələbələrdə intellektual zövqün meydana gəlməsinə köməklik göstərən proqramların təşkil edilməsi.
Tələbələrin verdiyi cavablar içərisində infrastruktur və fiziki imkanlar haqqında cavablar ayrıca bir qrup təşkil edir. 453 dəyərləndirmənin 43-ü bu mövzuda olub. Xüsusilə universitetin təmizliyi əksəriyyət tərəfindən təqdir olunmuşdur. Bundan başqa, universitetin kampusu, laboratoriya imkanları, bufet və yeməkxana xidmətlərinin keyfiyyətli olması, kitabxananın zəngin olması və xaricdəki kitabxanalarla əlaqəsi, stadion və laboratoriyaların olması, laboratoriyalardan istifadə imkanı və bütün siniflərin sinevizyonla təchiz edilməsi, universitet ərazisində hər yerdən girilə biləcək yüksək sürətli İnternet imkanının olması da əksəriyyət tərəfindən qeyd edilib.
Tələbələrin verdiyi cavablar içərisində ən çox yeri tutan qruplardan biri də, xüsusiyyət ifadə etmədən və ya bütün xüsusiyyətləri ümumiləşdirərək hər şeydən məmnun olduğunu ifadə edənlərdir. 453 dəyərləndirmənin 100-ü bu çərçivədədir. Belə ümumiləşdirilmiş cavablara nümunə olaraq aşağıdakıları göstərmək olar:
- İdman, müəllimlər, məsləhətçilik, tələbələr, seminarlar, dərslər, yataqxana imkanları, yeməkxana, stadionlar, basketbol sahəsi, bir sözlə hər şeyi, yəni Qafqazı sevirəm.
- Qafqaz Universitetində oxuduğum 5 (beş) il müddətində çox şey əldə etdim. Başqa universitetlərdən fərqli olaraq burada biz bir insan kimi formalaşmaq imkanına sahib olduq. Qafqaz məzunu adını daşımaq, ona layiq olmaq çox çətin məsələdir. Bütün müəllimlərə təşəkkür edirəm. Universitetin bütün fəaliyyətlərindən razıyam.
Tələbələrin cavabları içərisində heç bir şeydən məmnun olmadıqlarını ifadə edənlər də olmuşdur. Belə cavabların sayı 41-dir. Bunlardan seçilmiş nümunələr aşağıdakılardır:
- Demək olar ki, mən Qafqaz Universitetində heç bir məsələni bəyənmirəm.
- Heç bir şey xoşuma gəlmir və s.
Məqalə müəllifinin də araşdırmasının sonunda qeyd etdiyi kimi, belə dəyərləndirmələr ali təhsil müəssisəsinə öz fəaliyyətini daha da təkmilləşdirmək imkanı verir. 
Yusif ƏLİYEV 
http://www.muallim.edu.az/arxiv/2012/04/13.htm

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF