TQDK Qəbul imtahanlarının nəticələri əsasında ali məktəblərin reytinqini açıqlayıb
Builki qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında qəbul planı 91,77 faiz yerinə yetirilib. Bu barədə 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilinin nəticələrinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında məlumat verilib.
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abituriyent 500-dən, o cümlədən 1540 abituriyent 600-dən yuxarı bal toplayıb. TQDK sədri Məleykə Abbaszadə deyib ki, yüksək ballar respublikanın 72 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, Qax, Ordubad, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarının göstəriciləri ən yüksək olub. Yüksək nəticə göstərənlər 1-ci qrupda 331, 2-ci qrupda 364, 3-cü qrupda 323, 4-cü qrupda 458 nəfərdir. Dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb və onların hamısı 1-ci qrupunun abituriyentidir. Maksimum nəticə göstərən 4 nəfər Qafqaz Universitetini seçib. Komissiyası qəbul imtahanlarının nəticələri əsasında ali məktəblərin reytinq cədvəlini müəyyənləşdirib.
Komissiya sədri deyib ki, bu il regional universitetlər arasında ən yaxşı nəticə göstərən Naxçıvan Dövlət Universiteti olub. Bu arada TQDK növbəti ilin əvvəllərindən etibarən qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan zona müşavirələri keçirəcək.
http://www.aztv.az/readnews.php?lang=az&id=3853