LDU beynəlxalq konfransa ev sahibliyi edir
Konfransa LDU-nun humanitar ixtisaslar
korpusunda qoyulmuş Heydər Əliyevin büstünün açılışı ilə start verilib.
İştirakçılar LDU-da tədrisin və digər işlərin gedişi ilə
məlumatlandırılıblar. Bu gün də davam edəcək konfransın işində Türkiyə,
Rusiya, Ukrayna və digər qonşu dövlətlərin nümayəndələri, o cümlədən
ölkəmizin bir sra ali məktəblərinin nümayəndələri, tədqiqatçılar,
müəllimlər iştirak edirlər.
Konfrans haqqında qəzetimizə məlumat verən LDU-nun rektoru, professor
Asəf İsgəndərov bildirib ki, hazırda dünyada öyrənilən, müzakirə
olunan, Azərbaycanın milli inkişaf modeli konfransın gündəmində olacaq:
“Dayanıqlı inkişaf və idarəetmə məsələləri müxtəlif elm sahələri
tərəfindən mütəmadi olaraq həm nəzəri, həm də praktik öyrənilir. Ona
görə də konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir
təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan
elmi-praktik əhəmiyyətli nəticələrə dair 150-dən artıq məruzə
dinlənilərək, təhlil ediləcək və ümumi bir nəticə çıxarılacaq.
Konfransın işçi dili Azərbaycan, rus və ingilis dilləridir”.
Konfransın sonunda onun mövzusuna dair, tələbələr və gənc
tədqiqatçılar üçün birhəftəlik tədris seminarı nəzərdə tutulur.
Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçəcəklər.
Qeyd edək ki, konfrans LDU, AMEA-nın Lənkəran Regional Elm Mərkəzi,
Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm
İnstitutunun təşkilatçılığı ilə keçirilir.