Abituriyentlərin ən çoxu “Qafqaz” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair keçirilmiş mətbuat konfransında səsləndirib.
M. Abbaszadənin sözlərinə görə, cari ildə liseyləri 828 şagird bitirib və onların 796 nəfəri attestat alıb: “Attestat alanların 89.07%-i (709 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, liseylərin 529 məzunu (imtahanda iştirak edənlərin 74.61 faizi) tələbə adını qazanıb. Onların 38.19%-i (202 nəfəri) dövlət, 7.56%-i (40 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 34.59%-i (183 nəfəri) dövlət, 19.66%-i (104 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Bütün imtahan fənləri üzrə göstəricilər ölkə üzrə orta göstəricilərdən yuxarıdır.
Lisey məzunlarının 325 nəfəri 500-dən, o cümlədən 130 nəfəri 600-dən yuxarı
bal toplayıb”.
Komissiya sədri deyib ki, abituriyentlərin ən çoxu “Qafqaz” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub: “Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 457.283-ə bərabərdir. Bu, ölkə üzrə orta göstəricidən 2.03 dəfə yuxarıdır. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 1.41% (10 nəfər), 100-200 intervalında 5.22% (37 nəfər), 200-300 intervalında 10.86% (77 nəfər), 300-500 intervalında 36.67% (260 nəfər), 500-dən yuxarı 45.84% (325 nəfər). Beləliklə, liseylərin abituriyentlərinin yalnız 82.51 faizi 300-dən yuxarı bal toplayıb”.
M. Abbaszadənin sözlərinə görə, liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur: “500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 87.16%-dir. Qəbul imtahanlarında 17 məktəbin məzunları iştirak edib. Qəbul imtahanında iştirak etmiş 2011-ci il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma faizi 74.61-dır”.
Nailə
http://www.lent.az/xeber_83090_TQDK-_%E2%80%9CLiseyl%C9%99rin_imtahan_f%C9%99nl%C9%99ri_%C3%BCzr%C9%99_g%C3%B6st%C9%99ricil%C9%99ri_%C3%B6lk%C9%99_%C3%BCzr%C9%99_orta_g%C3%B6st%C9%99ricil%C9%99rd%C9%99n_yuxar%C4%B1d%C4%B1r%E2%80%9D