ARDNŞ-də Azərbaycan ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir
Dekabrın
23-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə
2010-2011-ci tədris ilinin I semestrinin nəticələrinə görə ARDNŞ
təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.
Mərasimi
ARDNŞ prezidenti Rövnəq Abdullayev açaraq, Şirkətin təqaüdünə layiq
görülmüş tələbələri təbrik etmiş və onlara təhsildə uğurlar
arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənclərin neft-qaz
sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə
həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması,
Şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə
2004-2005-ci tədris ilindən başlayaraq ARDNŞ-nin Təqaüd Proqramı həyata
keçirilir.
2010-2011-ci
tədris ilinin I semestri üzrə Təqaüd Proqramına 18 ali təhsil
müəssisəsindən 1928 tələbə müraciət etmiş, ilkin seçim prosesindən
sonra 2 turda keçirilmiş müsabiqə nəticəsində müxtəlif ali
məktəblərinin bakalavr və magistr təhsili alan ümumilikdə 200 tələbəsi
ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüşdür. ARDNŞ-nin İnsan
Resursları Departamentinin rəisi Asif Bəkirli Şirkətin orta,
orta-ixtisas təhsil müəssisələrində, eləcə də ölkəmizdə və xaricdə
fəaliyyət göstərən ali məktəblərdə təhsil alan gənclərlə iş
istiqamətində həyata keçirilən kompleks tədbirlər haqda təqdimat
xarakterli çıxış etmişdir. Bildirilmişdir ki, təhsilini başa vurmuş
təqaüdçülər, həmçinin təqaüd müsabiqəsində fərqlənmiş məzunlar Şirkətin
müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu yolla 62, 2010-cu
ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul olunmuşdur. ARDNŞ-də
2006-cı ildən etibarən perspektivli neftçi mütəxəssislərin hazırlanması
məqsədi ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Təqaüd
Proqramını həyata keçirildiyini qeyd edən A.Bəkirli indiyədək Proqrama
170 gəncin cəlb edildiyini, artıq 74 təqaüdçünün təhsilini
müvəffəqiyyətlə başa çatdıraraq qayıtdığını və ARDNŞ-nin müxtəlif
strukturlarında çalışdığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda
təhsili maliyyələşdirilən 96 təqaüdçünün 43 nəfəri bakalavr, '' nəfəri
magistr, 2 nəfəri isə uzmanlıq dərəcəsi üzrə Almaniya, Böyük Britaniya,
ABŞ, Fransa, Türkiyə, Kanada, Hollandiya, Norveç və Rusiyanın nüfuzlu
universitetlərində təhsil alır.
Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdənov son illər dövlətimizin
başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən
uğurlu təhsil siyasətindən, onun müxtəlif istiqamətlərindən söz açmış,
Azərbaycanda ali təhsil məktəblərinin tələbələrinə ARDNŞ təqaüdünün
verilməsini təhsilin inkişafına mühüm töhfə kimi dəyərləndirmişdir.
Şirkətin kadr hazırlığı üzrə layihələrini yüksək qiymətləndirən Bakı
Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq
və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova ARDNŞ təqaüdünə
layiq görülmüş tələbələri təbrik etmiş, Dövlət Neft Şirkətinin yüksək
ixtisaslı mütəxəssislərin hazırlanmasında oynadığı roldan danışmış,
tələbələrə təhsillərində uğurlar arzulamışlar.
Sonda
ARDNŞ prezidenti R. Abdullayev, təhsil naziri M.Mərdanov, rektorlar A.
Məhərrəmov və G. Məmmədova Şirkətin Müsabiqə Komissiyasının qərarına
əsasən, təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən, Azərbaycan
Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz
Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət
Universitetinin Bakı filialının 3, Sumqayıt Dövlət Universitetinin 2 və
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının 1 tələbəsinə ARDNŞ-nin təqaüdlərini (plastik kartları)
təqdim etmişlər. Tədbirin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev
bir daha müsabiqə iştirakçılarını təbrik etmiş, onlara daha böyük
müvəffəqiyyətlər arzulamışdır.