“İNEPO-Avrasiya” ya hazırlıqla əlaqədar seminar keçirilib
Hər il ənənəvi olaraq keçirilən, məktəblilərin Ətraf Mühitin
Mühafizəsi Layihə olimpiadasına hazırlıqla əlaqədar Sumqayı Özəl Türk
Liseyində Sumqayıt Şəhər Təhsil Şöbəsinin, şəhər orta ümumtəhsil məktəb
direktorlarının və müəllimlərin iştirakı ilə metodik seminar keçirilib.
Seminarda çıxış edən Sumqayıt ÖTL-nin müdiri Ahmet Çamalan, bu tədbirin
dünya əhəmiyyətli bir aksiya olduğunu iştirakçıların nəzərinə çatdırıb.
O, bu tədbirlərdə Sumqayıt məktəblilərinin Respublika miqyasında başqa
regionlara nisbətən daha fəal olduğunu qeyd edib. Bunun Sumqayıt Şəhər
Təhsil şöbəsinin məktəblərdə apardığı ətraflı elmi izahat işlərinin
nəticəsi olduğunu bildirib.
Sonra liseyin biologiya müəllimi Fatih Himmetoğlu seminar
iştirakçılarına yarışma ilə əlaqədar sinevizyonda ətraflı məlumat verib.
Yarışma ilə bağlı seminar iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra, Texniki Elmlər Təmayüllü Gimnaziyasının müdiri Nizami
Əhmədov, Təfəkkür Liseyinin direktoru Bəsirə xanım Ağayeva, 41 saylı
məktəbin direktoru Xudayıl İsmayılov çıxış edərək, gələn il 40-a yaxın
ölkədən yüzlərlə şagirdin iştirak edəcəyi gözlənilən bu mötəbər elm
yarışmasında yenə də öncüllər sırasında olacaqlarına ümid etdiklərini
qeyd ediblər. Bunun üçün lazımi hazırlığın görüldüyünü, bundan sonra da
davam etdiriləcəyini bildirən tədris müəssisələrinin rəhbərləri bu
tədbirin keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlıqlarını
bildiriblər.