Tələbə gənclərin sənət uğurları
29 December, 2011
Abşeron
rayon Mədəniyyət Evində böyük bir canlanma var idi. Qafqaz
Universitetinin teatr özfəaliyyəti kollektivi daha fərqli və
məsuliyyətli bir həyəcan yaşadı. “Mesenat” abşeronluların və bütün
teatrsevərlərin qarşısına çıxdı. Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin
Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin
sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu əsasında eyniadlı
tamaşası alqışlarla qarşılandı. Tələbə gənclərin ifasında Azərbaycanın
XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız
olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi
gücünü, var-dövlətini əsirgəməyən böyük oğlu, mesenat və ictimai xadim
Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında yenidən
canlandı.
Tamaşanın
sonunda Abşeron rayon rəhbərliyinə, o cümlədən təhsil və mədəniyyət
şöbələrinin rəhbərlərinə təşəkkürünü bildirən universitetin rektoru
Ahmet Saniç xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişinin
təhsillə, maariflə bağlılığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bu
millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz
övladları yandıra bilər. Bu mənada H. Z. Tağıyevin əməllərini, onun
millətin işıqlı gələcəyi üçün etdiklərini unutmamalıyıq.
Tələbə-aktyorları
hərarətlə alqışlayan və təbrik edən rayon təhsil şöbəsinin müdiri Nadir
Ağayev, Mədəniyyət şöbəsinin müdiri İlham Manafov teatrlara marağın dar
çərçivədə olmasına baxmayaraq, bu tamaşaya olan maraq və oyun
tərzindən məmnun olduqlarını bildirdilər . Tamaşanı izləyənlər arasında
universitetin müəllim heyəti də var idi. Onlar tamaşanın peşəkarlıqla
yazıldığını və oynanıldığını qeyd etdilər. Müəllimlər həmçinin tamaşanın
məqsəd və əhəmiyyətindən də ürək dolusu söhbət açdılar.
Qeyd edək ki, “Mesenat” pyesinin tələbələrin ifasında ilk tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılıb.
http://qu.edu.az/view_news.php?news=1446&link=446&lang=az
http://qu.edu.az/view_news.php?news=1446&link=446&lang=az