Gimnaziyada “Anam Azərbaycan” adlı albomun təqdimat mərasimi keçirilib
“Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında Respublikamızın
əməkdar artisti Tünzalə xanım Ağayevanın Azərbaycan Respublikasının
müstəqillik qazanmasının 20 illiyi münasibətilə “ İrəli” İctimai
Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun
yüksəldilməsinə həsr olunan birgə layihəsi “Anam Azərbaycan” adlı
albomunun geniş təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində millət
vəkili Qənirə xanım Paşayeva, Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş
İdarəsinin rəisi Arif Gömleksiz və gimnaziyanın müəllim və şagird
kollektivi iştirak edib. Tədbirdə millət vəkili Qənirə xanım Paşayeva
çıxış edərək bildirib ki, vətənpərvərlik işi məktəblərdən, eləcə də hər
bir evdən başlanır. Məlum olduğu kimi bu gün Azərbaycan torpaqları işğal
altındadır. Azərbaycanın mərd- igid oğulları torpaqlarımızı
düşmənlərdən müdafiə üçün gecə-gündüz keşik çəkir. Torpaqlarımızın
azadlığı uğrunda indiyədək minlərlə gənc oğlan və qızlar şəhid olublar.
Belə bir vaxtda daha çox vətənpərvər olmalıyıq və bunu təbliğ etməliyik.
Tünzalə xanımın “Anam Azərbaycan” adlı vətənpərvərlik mövzusunda
hazırlanmış albomu da düşmənlə mübarizədə, vətənimiz Azərbaycanı
sevməkdə mühüm rol oynayacaqdır. Əminəm ki, şagirdlər bu albomu
dinləyərək anamız Azərbaycanı daha çox sevərək onu göz bəbəyi kimi
qoruyacaqlar.
Sonra Respublikamızın Əməkdar Artist Tünzalə xanım Ağayeva çıxış
edərək “Anam Azərbaycan” adlı lahiyənin məqsədi barədə tədbir
iştirakçılarına, şagirdlərə ətraflı məlumat verib. Məşhur müğənni həmin
albomda sözləri Qənirə xanım Paşayevaya aid olan “Biz gəlirik”,
“Azərbaycanlıyam” kimi vətənpərvərlik mövzusunda olan mahnılar ifa edib.
Mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarlarla qarşılanıb.
Sonda Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin rəisi Arif
Gömleksiz vətənpərvərlik ruhunda olan tədbirlərin şagirdlərin iştirakı
ilə keçirilməsinin əhəmiyyətindən danışaraq bunun məktəblilərin
yaddaşında uzun müddət iz buraxaraq qalacağını bildirib. Sonra
Respublikamızın Əməkdar Artisti Tünzalə xanım Ağayevaya və millət vəkili
Qənirə xanım Paşayevaya minnətdarlıq edərək xatirə hədiyyəsi təqdim
edib.