ARDNŞ 200 tələbəyə təqaüd təqdim etmişdir

Dekabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ölkənin ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir.
Bakı, 23 dekabr (AzərTAc). Dekabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ölkənin ali təhsil məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin təqaüdçü tələbələrini daim diqqət mərkəzində saxladığını, tədris və təcrübə işlərində onlara dəstək verdiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin tapşırığı əsasında gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə ARDNŞ-in 2004-2005-ci tədris ilindən başlayaraq həyata keçirdiyi Təqaüd Proqramının tərkib hissələrindən birini neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə aylıq təqaüdlərin verilməsi təşkil edir. Təhsilini başa vurmuş təqaüdçülər, həmçinin təqaüd müsabiqəsində fərqlənmiş məzunlar ARDNŞ-in müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu üsulla 62, 2010-cu ildə 25, 2011-ci ildə isə 19 məzun işə qəbul edilmişdir. Bununla yanaşı, həmin gənclərə mənzil şəraitinin yaxşılaşdırılması imkanları da yaradılır.
Bildirilmişdir ki, 2010-cu ildən aylıq təqaüdün məbləği 100 manat təşkil edir. Təqaüd 2006-cı ildən fərdi plastik bank kartı ilə ödənilir. 2009-cu ildən isə müsabiqəyə müraciət yalnız elektron qeydiyyat vasitəsilə aparılır.
Vurğulanmışdır ki, 2010-2011-ci tədris ilinin I semestri üzrə Təqaüd Proqramına 18 ali təhsil müəssisəsindən 1928 tələbə müraciət etmiş, ilkin seçim prosesindən sonra müsabiqənin birinci turunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiqdən keçirilmiş test imtahanında 1512 namizəd iştirak etmiş, ikinci tura buraxılmış 339 tələbə ARDNŞ-in Müsabiqə Komissiyası tərəfindən müsahibəyə cəlb edilmişdir. Nəticədə müxtəlif ali təhsil müəssisələrinin bakalavr və magistr təhsil pilləsi üzrə ümumilikdə 200 tələbə ARDNŞ-in təqaüdçüsü adına layiq görülmüşdür.
Sonra təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar Memar Gülçöhrə Məmmədova çıxış edərək ARDNŞ-in təqaüdünü layiq görülən tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışlar.
ARDNŞ-in prezidenti R.Abdullayev şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən təqaüdə layiq görülmüş 200 tələbəyə, o cümlədən Azərbaycan Dövlət Neft Akademiyasının 125, Bakı Dövlət Universitetinin 27, Qafqaz Universitetinin 20, Azərbaycan Dövlət İqtisad Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Moskva Dövlət Universitetinin Bakı filialının 3, Sumqayıt Dövlət Universitetinin 2 və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1 tələbəsinə şirkətin təqaüdlərini – plastik kartları təqdim etmişdir.
http://www.azertag.com/node/898671

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF