“Sumqayıt”ın futbolçuları şagirdlərlə görüşüb
“Sumqayıt” Futbol Klubunun kollektivi Sumqayıt Özəl Türk
Liseyində şagirdlərlə görüş keçirib. “Zaman” qəzetinin təşəbbüsü ilə
təşkil olunan tədbirdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident
Vaqif Ömərov komandanın baş məşqçisi Bernhard Raab, komandanın üzvləri
Bədavi Hüseynov, Slavik Alxasov, Ramil Həşimzadə, Samir Abdulov və Uğur
Pamuk da iştirak ediblər.
Əvvəlcə
qonaqları salamlayan Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Camalan
tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş
məlumat verib. Ölkəmizdə idmana göstərilən qayğıdan danışan
liseyin rəhbəri “Sumqayıt” Futbol Klubuna gələcək oyunlarda uğurlar
arzulayıb.
Sonra
“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tədbir
iştirakçıları ilə fikirlərini bölüşüb. Sumqayıt şəhərinin ölkəmizə bəxş
etdiyi idmançılardan danışan klub rəhbəri komandanın gələcək planları
barəsində məlumat verib.
Daha
sonra tədbir iştirakçıları liseyin tədris şəraiti və məktəbin muzeyi
ilə tanış olublar. Ahmet Çamalan beynəlxalq fənn və layihə
olimpiadalarında uğur qazanmış şagirdlər barəsində ətraflı məlumat
verib.
Təhsil
ocağı ilə tanışlıqdan sonra klubun rəhbərliyi və futbolçuları liseyin
şagirdləri ilə görüşüblər. Əvvəlcə komandanın cari mövsümdə Premyer
Liqada vurduğu qollardan hazırlanmış qısa metrajlı film nümayiş
etdirilib.
Sonra
baş məşqçi Bernhard Raab və futbolçular şagirdləri maraqlandıran
sualları cavablandırıblar. Gələcək oyunları barədə məlumat veriblər.
Görüşdə şagirdlər arasında viktorina da keçirilib. “Sumqayıt” Futbol
Klubu haqqında suallara düzgün cavab verən şagirdlər klub tərəfindən
hazırlanmış xüsusi hədiyyələrlə təltif olunublar.
Görüşün
sonunda Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan klubun
rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib, məktəbdaxili keçirilən idman
yarışalarında fərqlənən şagirdlərə isə “Sumqayıt” Futbol klubunun
prezidenti Kamran Quliyev mükafat təqdim edib.