Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov bu şəhərdəki Özəl Türk Liseyində olub
Lənkəran Dövlət Universitetinin rektoru,
professor Asəf İsgəndərov bu şəhərdəki Özəl Türk Liseyində olub. Liseyin
fəaliyyəti haqqında rektora məlumat verən müdir Rüfət Əliyev bildirdi
ki, məktəbin məzunları respublikamızın və eləcə də dünyanın müxtəlif
nüfuzlu universitetlərində təhsil alırlar.
Bundan başqa o, həmçinin qeyd etdi ki,
1993-cü ildən fəaliyyətə başlayan liseyin şagirdləri ötən müddət ərzində
qızıl, gümüş, bürünc olmaqla ümumilikdə 154 medal qazanıblar. Aprel
ayının 22-də keçiriləcək Lənkəran Özəl Türk Liseyinə qəbul imtahanındakı
yeniliklərdən də danışan R. Əliyev bildirdi ki, ötən illərdəkindən
fərqli olaraq bu il ilk 11 yeri tutan 6-cı sinif şagirdləri liseydə 5 il
ərzində pulsuz təhsil almaq imkanı qazanacaqlar.
Sonra rektor A. İsgəndərov liseyin 11-ci sinif şagirdləri ilə
görüşdü. O, ilk olaraq liseyin bölgə təhsilinin inkişafındakı
əhəmiyyətini qeyd etdi, məktəbin gördüyü işləri yüksək qiymətləndirdi.
Professor A. İsgəndərov bildirdi ki, LDU-nun Lənkəran Özəl Türk Liseyi
ilə sıx əlaqəsi və iş birliyi var. “Bu Liseyin fəaliyyətini diqqətlə
izləyirik və uğurlarına çox sevinirik. Bizim üçün ən vacib məsələrdən
biri lisey məzunlarının respublikanın ali məktəblərinə uğurla daxil
olmasıdır. LDU-da da liseyin məzunları olmuş gənclər var və onlar
təhsillərini inamla davam etdirirlər. “
Universitetin fəaliyyəti haqqında şagirdlərə məlumat verən rektor
qeyd etdi ki, iki fakültə ilə fəaliyyətə başlayan LDU-da indi 4 fakültə,
11 kafedra, magistratura və doktorantura şöbəsi, 14 laboratoriya və
mərkəz, elmi kitabxana, idman kompleksi, elektron təhsil şəbəkəsi
vardır. O, üç istiqamətdə, informasiya texnologiyaları, xarici dillər və
Azərbaycan tarixinin daha keyfiyyətli öyrənilməsinə önəm verdiklərini
vurğulayıb. Gələcək planlarından da danışan rektor bildirdi ki, LDU üçün
yeni şəhərcik salınması gündəmdədir. Pənah Abdurahmanlı Lənkəran http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43164