Ali məktəb tələbələri arasında vergilər mövzusunda keçirilmiş olimpiadanın nəticələri

Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında 8 ali məktəbi - Bakı Dövlət Universitetini (BDU), Azərbaycan Dövlət İqtisad Universitetini (AzDİU), Azərbaycan Beynəlxalq Universitetini (ABU), "Qafqaz" Universitetini, "Azərbaycan" Universitetini, "Odlar Yurdu" Universitetini və Bakı Biznes Universitetini (BBU) təmsil edən təxminən 110 tələbə və magistrant vergilərlə bağlı biliklərini sınadı.   
Olimpiadanın nəticələri Vergilər Nazirliyi və ali məktəblərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən olimpiada başa çatan kimi, dərhal qiymətləndirildi. Sayca ən şox suala cavab verən tələbələr qalib hesab olundular. Eyni sayda suala cavab verənlər arasında isə daha mürəkkəb məsələləri düzgün həll edənlərə üstünlük verildi.  
Olimpiadanın şərtlərinə uyğun olaraq, bir 1-ci yer üçün 300 (üç yüz)  AZN, iki  2-ci yer üçün 200 (iki yüz) AZN, üç 3-cü yer üçün isə 150 (yüz əlli) AZN məbləğində mükafat nəzərdə tutulurdu. Bundan başqa, 1-ci yeri tutan tələbənin müəllimini də 300 (üç yüz) AZN məbləğində mükafat gözləyirdi. 
Sonra təşkilatçılar olimpiadanın nəticələrini elan etdilər. Beləliklə, AzDİU-nun vergi və vergiqoyma ixtisasının 4-cü kurs tələbəsi Faiq Heydərov 1-ci yerə,  AzDİU-nun vergi və vergiqoyma ixtisasının 2-ci kurs tələbəsi Toğrul Quliyev və BDU-nun gömrük işinin təşkili ixtisasının 3-cü kurs tələbəsi Nicat Həsənov 2-ci yerə,  "Qafqaz" Universitetinin beynəlxalq hüquq və beynəlxalq iqtisadi münasibətlər ixtisaslarının 4-cü kurs tələbələri Sönməz Cəmilov və  Fuad Qəşəmov, BBU-nun  vergi işinin təşkili və idarə edilməsi ixtisasının 3-cü kurs tələbəsi Emin Həsənov 3-cü yerə layiq görüldülər. AzDİU-nun vergi və vergiqoyma kafedrasının müəllimi, i.e.n., dosent Ramiz Məhərrəmov isə tələbəsi ən yüksək nəticə göstərən müəllim kimi mükafatlandırıldı. 
Tədbirin sonunda qalib tələbələr söz alaraq Vergilər Nazirliyinin və AzDİU-nun rəhbərliyinə olimpiadanın yüksək səviyyədə təşkil olunması ilə bağlı öz təşəkkürlərini bildirdilər. Tələbələr, həmçinin, aldıqları mükafatların öz müəllimlərinə aid olduğunu qeyd etdilər və onların etimadını doğrultmaqdan ötrü vergi savadlarını gələcəkdə də dərinləşdirəcəklərinə söz verdilər. 
Aşağıdakı cədvəldə 35 baldan yuxarı nəticə göstərən tələbələrin adları qeyd olunub. Olimpiadanın nəticələrinin təhlili göstərir ki, dövlət ali məktəbləri ilə yanaşı, özəl ali məktəbləri arasında da vergi işinin tədrisi sahəsində diqqətəlayiq nəticələr vardır. Məsələn, özəl ali məktəblər arasında "Qafqaz" Universitetinin adı bu sahədə xüsusi qeyd olina bilər. 
Qeyd edək ki, vergi biliklərinə dərindən yiyələnmiş gənclər üçün gələcəkdə bu sahədə peşəkar kadr kimi formalaşmaq və vergi xidməti orqanlarında müvəffəqiyyətlə işləmək fürsəti yaranmış olur. Təsadüfi deyildir ki, dövlət başçısının tapşırığına və 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq, həmin il ilk dəfə vergi xidmətinə əməkdaşların cəlb olunması test üsulu ilə həyata keçirilmişdir. Bir sözlə, Vergilər Nazirliyi vergi xidməti orqanlarına dərin biliklərə malik gənc kadrların cəlb olunmasına xüsusi diqqət yetirir, çünki peşəkar kadrlar keyfiyyətli xidmətin əsasıdır. 

Qaliblər
1-ci yerFaiq Heydərov, Azərbaycan Dövlət İqtisad Universiteti (48)
2-ci yerToğrul Quliyev, Azərbaycan Dövlət İqtisad Universiteti (45)
Nicat Həsənov, Bakı Dövlət Universiteti (45)
3-cü yerFuad Qəşəmov, "Qafqaz" Universiteti (44)
Sönməz Cəmilov, "Qafqaz" Universiteti (40)
Emin Həsənov, Bakı Biznes Universiteti (40)
1-ci yeri tutan tələbənin müəllimi - Ramiz Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universiteti
Yüksək bal toplayan digər tələbələr
40Faiq Kazımov, "Qafqaz" Universiteti*
Emin Abbasov, Azərbaycan Dövlət İqtisad Universiteti*
39Ömər Cəfərov, Bakı Dövlət Universiteti
Elyar Həsənov, Bakı Dövlət Universiteti
Emin İsmayılov, Azərbaycan Dövlət İqtisad Universiteti
Xalid Vəliyev, Azərbaycan Beynəlxalq Universiteti
38Azər Babayev, Bakı Dövlət Universiteti
37Rüfət Cavadov, Bakı Dövlət Universiteti
Samirə Musayeva, Bakı Dövlət Universiteti
Tərlan Nüsrətov, "Qafqaz" Universiteti
36Ramin Kazımov, Azərbaycan Dövlət İqtisad Universiteti
35Əli Əliyev, "Qafqaz" Universiteti
Murad Süleymanov, Azərbaycan Dövlət Neft Akademiyası
* - Toplanmış ballar eyni olduqda, üstünlük daha çox məsələ həll edən tələbəyə verilib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF