“Ekologiya dünyanı qlobal əməkdaşlığa məcbur edir”


İlbəil öz çoğrafiyasını, yəni iştirakçı dövlətlərin sayını artıran bu olimpiadalar mənim yaddaşımda yalnız bir bilik yarışı, yaxud qlobal miqyaslı dialoq və ünsiyyət imkanlarını genişləndirən bir tədbir kimi deyil, həm də ölkəmizin milli-mənəvi dəyərlərinin tanıdılmasında, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, sözün həqiqi mənasında, önəmli rol oynayan bir mərasim kimi həkk olundu.
 Son illər Bakı bir çox beynəlxalq səviyyəli siyasi, dini, mədəni tədbirlərə ev sahibliyi edir. 6 ildir ki, həmin bu kimi tədbirlərə daha biri də əlavə olunub. Bu, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasıdır. Qeyd edək ki, bu olimpiada bir özəlliyi ilə ölkəmizdə keçirilən digər tədbirlərdən fərqlənir. Belə ki, həmin olimpiadanın iştirakçıları dünyanın müxtəlif ölkələrinin orta məktəb şagirdlərindən ibarət olurlar. Məlumat üçün bildirək ki, ekologiya ilə bağlı belə geniştərkibli tədbir dünyanın yalnız iki ölkəsində - qardaş Türkiyədə və Azərbaycanda keçirilir. Ekologiya ilə bağlı beynəlxalq tədbirlər Türkiyədə 1993-cü ildən, ölkəmizdə isə isə 2007-ci ildən keçirilir. Zaman fərqinə baxmayaraq, Azərbaycan iştirakçı dövlətlərin sayına görə, artıq qardaş Türkiyəyə çatmaqdadır. Belə ki, əgər ekologiya ilə bağlı Türkiyədə 1993-cü ildən start verilmiş tədbirə 8 ölkə qoşulmuşdusa, bu il onların sayının 52-yə çatacağı gözlənilir. Ölkəmizdə isə 2007-ci ildən keçirilən ilk tədbirə 17 ölkə qatılmışdı, bu il isə onların sayı 42-yə çatdı. Bu yerdə təhsil naziri Misir Mərdanovun sözlərini xatırlamaq yerinə düşərdi: “İndiyədək Bakıda 42 ölkənin iştirak etdiyi belə bir tədbir keçirilməyib”.
 “Təbiətə də hesabat verməliyik”
... “Təbiət saysız-hesabsız nadir, gözəl abidələrin müəllifidir”, - deyən təbiətşünas alim Həsən Əliyev bildirirdi ki, təbiətə münasibətdə yubanmaq - yaşamağa yubanmaqdır. Bəli, biz bu gün təkcə cəmiyyət qarşısında yox, sabahına cavabdeh olduğumuz canlı təbiətə də hesabat verməliyik. Təbiətin saflığını, təmizliyini mənəvi cavabdehliklə qorumaq istəyiriksə, humanist dəyərləri yaşatmalıyıq. Unutmayaq ki, əgər belə etməsək, genetik varlığımızın da məhv olmaq təhlükəsindən xilas edə bilmərik. Bu məsələdə hər kəs fəal olmalıdır. Özü də məktəb illərindən. Bu kimi fikirlər aprel ayının 6-7-də Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının əsas leytmotivi idi. Amma bu da bir həqiqətdir ki, ətraf mühiti təkcə qanunvericilik aktları kimi tədbirlərlə qorumaq mümkün deyil. Bunun üçün həm də əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Bütün bu kimi fikirlər mənə akademik Həsən Əliyevin ötən əsrin sonlarında dediyi belə bir kəlamını xatırlamağıma səbəb oldu: “Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcək. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür”. Mənim nəzərimdə elə bu tədbir artıq ekologiyanın bir elmə çevrildiyinin nümunəsi idi.
 “Bu yalnız bir bilik yarışı deyil”
 6 ildir ki, ölkəmizdə ekologiya ilə bağlı təşkil olunan ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadalarının tədbirlərində iştirak edirəm. İlbəil öz coğrafiyasını, yəni iştirakçı dövlətlərin sayını artıran bu olimpiadalar mənim yaddaşımda yalnız bir bilik yarışı, yaxud qlobalmiqyaslı dialoq və ünsiyyət imkanlarını genişləndirən bir tədbir kimi deyil, həm də ölkəmizin milli-mənəvi dəyərlərinin tanıdılmasında, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, sözün həqiqi mənasında, önəmli rol oynayan bir mərasim kimi həkk olundu.
 Ağrılı anlar
Bəli, bu tədbir çərçivəsində onların Azərbaycanla bağlı məlumatlara necə diqqətlə qulaq asdıqlarının şahidi oldum. Hətta Şəhidlər xiyabanında olarkən Misir məktəblisi Omar Abdulkaterın şəhidlərimizin ruhuna oxuduğu dua indi də qulaqlarımda səslənir. Bosniya və Herseqovina məktəblisi Amina Mayetic isə: “Bizim də şəhidlərimiz var, onların yeri cənnətdir dedi - və əlavə etdi; - Vətən elə onların sayəsində vətən olur”. Şəhidlər xiyabanında Anqola məktəblilərinin rəhbəri Mustafa Boztəpə isə bu məkanda yetirmələrinin, sözün həqiqi mənasında, ağrılı anlar keçirdiyini bildirdi. Dedi ki, məktəblilərimiz burada uyuyanların onların doğum tarixlərinin müxtəlif, amma şəhidlik tarixlərinin eyni olması ilə bağlı suallar verdilər. Mən də onlara dedim ki, onlar ölkələrinin öz müstəqilliyi uğrunda eyni gündə şəhid olublar, hətta onların arasında Larisa, İlqar kimi məktəb yaşında olan uşaqlar da var”.
Fəxri xiyabanda Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Səməd Vurğunun, Rəşid Behbudovun məzarlarını ziyarət edən Monqolustan məktəblisi Helena Hulan onlardan yalnız Rəşid Behbudovu tanıdığını və onun ifasında mahnılara qulaq asdığını söylədi və əlavə etdi: “Sən demə, Fikrət Əmirov da, Qara Qarayev də... dahi insanlar imişlər. Mən bunlarla tanışlıqdan sonra deyə bilərəm ki, Azərbaycanı tanımağa başlamışam”. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan-Türkiyə özəl liseylərinin metodisti Həsən Qəhrəmanovun bu və digər məkanlarda məktəblilərə verdiyi məlumatlar da dolğun idi.
 “Seçdiyim ölkə Azərbaycan olacaq”
Bosniya və Herseqovina məktəblisi Edina Kasupovic Bakını tərk edərkən öz təəssüratlarını bizimlə belə bölüşdü: “Mən bu ölkənin qonaqpərvərliyinə valeh oldum. Vətənimə çatan kimi əzizlərimə, dost-tanışlarıma əsasən bundan söhbət açacağam”. Edina xanım öz gələcək planlarından da söz açdı: “Arzum ingilis dili müəllimi olmaq və hazırda təhsil aldığım məktəbdə bir müddət çalışdıqdan sonra fəaliyyətimi xarici ölkələrin birində davam etdirməkdir. Heç şübhəsiz ki, bu niyyətlə seçdiyim ölkə Azərbaycan olacaq. Çünki bu səfərimdə yəqin etdim ki, burada çalışmaq mənim üçün daha əlverişli olar”. Qazaxıstandan - Aktaudan gəlmiş Ayarvergen Galumzhan onun həyatında “Ekoloji park”dakı gəzintinin özəl yeri olacağını dedi: “Ekoloji park”da, həmçinin Qala kəndindəki Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində gördüklərimdən, yaxşı mənada, heyrətləndim. Yeri gəlmişkən, “Ekoloji Park”da əkdiyim ağacın sonrakı taleyi ilə maraqlanacağam. Bu məqsədlə nə vaxtsa Bakıya gəlməyi də düşünürəm”. Malayziya məktəbliləri - Muhammed Nazmi və Muhammad Dhıyauddın Aşraf belə olimpiadalarda yalnız yer tutmağın önəmli olmadığını dilə gətirdilər. Bildirdilər ki, belə tədbirlər dünya məktəbliləri arasında yeni körpülərin salınmasında da önəmli rol oynayır. Sevinirəm ki, bu, Bakı körpüsü adlanır.
... İçərişəhərdə olarkən məktəblilər müxtəlif suvenirlər aldılar. Çoxu da üzərlərində “Azərbaycan”, “Bakı” sözləri yazılmış suvenirlərə üstünlük verirdilər. Lakin satıcıların belə suvenirləri onlara daha baha qiymətə satmaq cəhdləri də nəzərimizdən yayınmadı. Bu məqamda bir məsələni də vurğulamaq istəyirəm. Həmin tədbirə qatılmış məktəblilərin əksəriyyəti türk dilində də sərbəst danışa bilirdilər. Bu isə artıq türk dilinin bütün dünyada bir beynəlxalq dilə çevrilməsindən xəbər verirdi.
Can yandıran insanlar...
 42 ölkənin 400-dən çox nümayəndəsini qəbul etmək, belə bir mötəbər tədbir təşkil etmək heç də asan deyil. Amma “Çağ” bunu bacardı. Bir neçə kəlmə də bu tədbirin əsas təşkilatçısı olan “Çağ”ın kollektivi barədə. Olimpiadanın keçirildiyi bir həftə ərzində onların vahid bir rəhbərlik altında sanki saat mexanizmi kimi çalışdıqlarının şahidi oldum. Onların hər biri tapşırılan hər işin öhdəsindən zərgər dəqiqliyi ilə gəlməyə çalışır, ünvanlanan sualları ətraflı cavablandırırdılar. “Çağ” Öyrətim Şirkətinin prezidenti Enver Özeren və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Olimpiada Təşkilat Komitəsinin sədri Arif Gömleksizi yeri gələndə həmişə məktəblilərin arasında görmək mümkün idi. Onlar hər bir məktəbli ilə elə mehriban ünsiyyət qururdular ki, onların pedaqoji məharətlərinə valeh olmamaq mümkün deyildi.
 İrad
Bütün bunlara rəğmən, bu tədbirlə bağlı bir iradımı da qeyd etməyi özümə borc bilirəm. Belə ki, bir həftə davam etmiş belə beynəlxalq səviyyəli bilik yarışında xarici ölkələrin jurnalistləri gözümə dəymədi. Daha doğrusu, onlar dəvət olunmamışdılar. Halbuki informasiya əsrində bu amil də nəzərə alınmalı idi. Çünki onlar bu tədbirin daha geniş şəkildə işıqlandırılmasında əsas rol oynaya bilərdilər. Mənə belə gəlir ki, növbəti bilik yarışlarında Təşkilat Komitəsi bu amili də nəzərdən qaçırmayacaq.
 Son
Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının (INEPO) hədəfləri əslində Birləşmiş Millətlər Təşkilatının işləri ilə də paralellik təşkil edir. Belə ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil edilən Rio-De-Janeyrio konfransında qəbul edilən qərarlar toplusunun 21 saylı bəndinə əsasən, gəncliyə önəm verilməsinin vacibliyi vurğulanır və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də diqqət çəkilir. Bir sözlə, ətraf problemlərin qlobal olması, dünyanı qlobal əməkdaşlığa məcbur edir. Bəli, neçə illərdir ki, insanın təbiətə qarşı amansız olması onu geniş ölçüdə bir ətraf problemilə qarşı-qarşıya qoyub. İndi bundan çıxış yolları ilə bağlı danışıqlar daha tez-tez gündəmə gəlir. Lakin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının iştirakçısı olan məktəblilər bu kimi problemlərdən uzaq düşmək məqsədi ilə müxtəlif layihələrlə çıxış edirlər. Bununla da sanki mesaj göndərirlər: “Əməli işlərə baş vurmağın vaxtı çatıb, cənablar”. Bəli, bu ilin aprel ayının 6-7-də Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında iştirak edən 42 dövlətin məktəbliləri bir daha həyəcan təbili çaldılar və bildirdilər: “Hamımız eyni gəmidəyik. Tək bir həyat sahəmiz var. Buna sahib çıxmaq hamımızın vəzifəsidir”.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43205&columnistId=0

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF