Gənclərin məşğulluq problemi həll edilir
Gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin olunması, gənclərin məşğulluq problemlərinin həll edilməsi məqsədi ilə bir sıra addımlar atılır. Bu məqsədlə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə görüş Qafqaz Universitetində keçirilib. Görüşdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini R.Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib. Daha sonra Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi N.Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə göstəriciləri özündə əks etdirən təqdimatla çıxış edib.
Qeyd edək ki, belə görüşlər iniyədək Azərbaycan Texniki Universiteti və Azərbaycan Müəllimlər İnstititunda keçirilib.
Xalid
http://ucnoqta.az/sosial/49270.html
