Aprelin 4-də Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.
Təhsil
naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq dünyanın müxtəlif
ölkələrindən Azərbaycana gəlmiş iştirakçıları salamlayıb. Nazir bildirib
ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti,
“İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai
Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə
keçirilir.
Misir
Mərdanov Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının
2007-ci ildən başlayaraq keçirildiyini və iştirakçı ölkələrin sayının
ildən-ilə artdığını deyib. Bu il keçirilən olimpiadanın coğrafiyasının
çox geniş və əhatəli olduğunu qeyd edən təhsil naziri dünyanın 42
ölkəsindən 400-dək şagirdin müvafiq yarışmada iştirak etdiyini bildirib.
Nazir olimpiadanın yekununda daha güclülərin qalib gələcəyinə və
ədalətli qərar qəbul olunacağına əminliyini vurğulayıb.
Olimpiadanın
ölkəmizin daha yaxından tanınmasında, müxtəlif ölkələrdən gələn
şagirdlərin Azərbaycan haqqında yeni biliklər əldə etməsində mühüm
əhəmiyyətini nəzərə çatdıran təhsil naziri bu tədbirin təşkilində əməyi
olan şəxslərə təşəkkürünü bildirib.
Misir
Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın zəngin tarixi, təhsil
sistemi, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı
müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə edib. Çıxışının
sonunda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb və onların hər
birinin öz ölkələrinə xoş təəssüratla qayıdacaqlarına ümid etdiyi
deyib.
Sonra
Tailand, Bosniya, Monqolustan, Nigeriya, Anqola və digər ölkələrdən
olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıb, göstərilən
səmimi münasibət üçün təşəkkürlərini bildiriblər.
Görüşdə
“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən
və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif
Gömleksiz də iştirak edib.