Qaliblərimiz Gəncədə “Tələbə baharı” ilə
19 April, 2012, Gənclər və
İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
birgə təşkilatçılığı ilə “Tələbə baharı” VI Ümumrespublika tələbə
yaradıcılığı festivalının Qala konserti Gəncədə baş tutdu. 2006-cı ildən
etibarən mütəmadi olaraq təşkil edilən “Tələbə baharı” festivalı ilk
dəfə idi ki, regionda keçirildi.
Festivalın qala konsertinin Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul
tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramına əsasən "Gənclər Paytaxtı" elan edilən Gəncə
şəhərində keçirilməsi gənclərlə işin daha da canlandırılmasına
yönəldilmişdi.
Yaşıl teatrda
açılışı olan "Tələbə baharı" festivalında 200-dən çox tələbə pop
musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi, estrada
musiqisi, milli rəqslər, müasir rəqslər, bal rəqsləri üzrə bacarıqlarını
nümayiş etdirdilər.
Konsertdə Qafqaz Universiteti
yaradıcı tələbələri və kollektivlərinin çıxışı gurultulu alqışlarla
qarşılandı. Qafqaz Universitetini təmsil edən istedadlı gənclərə
Beynəlxalq status daşıyan festivalın müxtəlif nominasiyalar və janrlar
üzrə diplomları təqdim olundu.
Gənclər və İdman nazirinin müavini
İntiqam Babayev, Gəncə şəhər İcra başçısı Elmar Vəliyev universitetin
Millli rəqslər üzrə I və II yerə layiq görülən kollektivlərini, pop
musiqisi üzrə (duet ifa) I yeri qazanan Zərrin Mahmudzadə və Kamran
Bilalovu, xalq musiqisi üzrə (solo ifa) II yerə layiq görülən Nigar
Axundlunu qazandıqları qələbə münasibətilə təbrik edərək xatirə
hədiyyəsi təqdim etdilər.