Universitet-iş dünyası əlaqələri qarşılıqlı maraqlar əsasında qurulmalıdır

Dünyada ali təhsilə olan maraq sürətlə artmaqdadır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə ali təhsilə yiyələnmək üçün insanlar olduqca böyük vəsaitlər sərf edirlər. Ali təhsilə yüksək dəyər verən ölkələrdən birinin, ABŞ-ın bu sahədəki təcrübəsini sizlərlə paylaşmaq üçün Qafqaz Universitetinin Karyera Planlama Mərkəzinin müdiri, dr. İsa Qasımovla söhbətləşdik. Məlumat üçün bildirək ki, həmsöhbətimiz bu yaxınlarda Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması” proqramı çərçivəsində ABŞ-da 21 günlük səfərdə olub.
 
- İsa müəllim, ABŞ universitetlərində oxuyan tələbələrdə gələcək karyeraları ilə bağlı bir əndişə varmı? 
- Hansı ölkədə təhsil almasından asılı olmayaraq tələbələrdə hər zaman belə əndişə olur. Ancaq Qərbdə, o cümlədən də ABŞ-da tələbələrin əndişəsi daha çox öz ixtisasına uyğun və yaxud da arzuladığı işi tapa bilməyəcəyi ilə bağlıdır. ABŞ-da tələbələr onu da yaxşı bilirlər ki, öz üzərlərində nə qədər çox çalışsalar, iş tapmaları bir o qədər asan olacaq. Bizdə isə yaxşı oxuyan, bacarıqlı tələbələrin belə, işlə bağlı əndişələri olur.
- Sizcə, bunun səbəbi nədir?
- Səbəb odur ki, bizdə universitetlərin iş dünyası ilə əlaqələri çox zəifdir. ABŞ-da ali təhsil müəssisələrinin iş dünyası ilə sıx əlaqələri mövcuddur. Təkcə ABŞ-da deyil, ümumiyyətlə, Qərb ölkələrinin universitetlərində karyera məsələləri ilə məşğul olan şöbələr fəaliyyət göstərir. Tələbələrin işlə təmin olunmasına ciddi fikir verirlər. Bizdə isə cəmi bir neçə universitetdə bu cür karyera mərkəzləri fəaliyyət göstərir. Elə ali təhsil müəssisələri var ki, orada bu məsələ ilə heç kim məşğul olmur. Bəzən şirkətlər karyera məsələləri ilə bağlı kimə müraciət edəcəklərini belə bilmirlər. Halbuki bu məsələdə şirkətlərdən daha çox universitetlər, xüsusilə də özəl universitetlər maraqlı olmalıdırlar.
- Unversitet məzunlarının iş tapa bilməməsi yəqin ki, təhsilin də keyfiyyətini aşağı salır. 
- Bir universitetin nüfuzu məzunlarını hansı səviyyədə işlə təmin etməsindən asılıdır. Azərbaycanda hər il təxminən 30 min gənc universitetlərdən məzun olur, ancaq onların böyük əksəriyyəti sonradan öz ixtisasına uyğun işlərdə işləmir. Təbii ki, tələbələr bu vəziyyəti gördükləri zaman ümidsizliyə düşürlər. Bu amil istər-istəməz təhsilin keyfiyyətinə də təsir göstərir. Nəticədə bu gün bir çox tələbə universitetə ixtisas öyrənmək üçün deyil, diplom almaq üçün gedir. Lakin Qərb ölkələrində belə hallara rast gəlmək mümkün deyil. Məsələn, ABŞ-da olarkən bir kollecə getdik. Gördüyümz mənzərə bizi çox təəccübləndirdi. Kollecdə hər yaş qrupundan olan şagird oxuyurdu. 42 yaşlı bir kollec şagirdi ilə söhbət etdik. Həmin şəxs bizə bildirdi ki, vaxtilə işlədiyi işdən ayrılıb. Başqa bir sahədə işləmək üçün ona yeni ixtisas öyrənmək lazımdır.
- Sizcə, ixtisas seçimi necə aparılmalıdır?
- ABŞ-da Əmək Nazirliyi hər il araşdırma apararaq, hansı sahələrdə kadrlara ehtiyac olduğunu müəyyənləşdirir. Universitetlər də buna uyğun olaraq kadr hazırlığı aparırlar. Bizdə isə bu məsələdə fərqli anlayış var. Yüksək bal toplayan abituriyentlər ehtiyac oldu-olmadı, “dəbdə” olan ixtisasları seçirlər. Ancaq düşünmürlər ki, məzun olduqdan sonra bu ixtisas üzrə iş tapa biləcəklərmi? Gənclər ali məktəblərə daxil olarkən ixtisas seçimini düzgün aparmadıqları üçün sonradan iş tapmaqda çətinlik çəkirlər. Hazırda orta məktəbi bitirən şagirdlərin əksəriyyəti üçün əsas məqsəd universitetə qəbul olmaqdır. Bu zaman ixtisas və peşə seçiminə o qədər də əhəmiyyət verilmir. Əksər hallarda valideynlər də bu cür düşünürlər. Biz öz gələcəyimizi düşünmək əvəzinə, başqalarının bizim haqqımızda nə düşündüyünə fikir veririk. Gələcəkdə iş tapıb-tapa bilməyəcəyimizi araşdırmaq əvəzinə, fikirləşirik ki, qoy desinlər filankəs “beynəlxalq münasibətlər”də oxuyur. Ancaq bir dəfə də olsun fikirləşmirik ki, bu “beynəlxalq münasibətlər” gələcəkdə bizə nə verəcək? Lakin ABŞ-da bu məsələyə fərqli prizmadan yanaşırlar. Orada hər kəs öz həyatını yaşamağa çalışır. Həyatlarını planlı şəkildə qurmağa çalışırlar. Ümumiyyətlə, ABŞ və Qərb ölkələrində təhsil çox bahalıdır. Bu baxımdan təhsil almağa biznes kimi baxırlar. Onlar təhsil üçün xərclənən pulu gələcəyə qoyulan sərmayə sayırlar.
- Qeyd etdiniz ki, ABŞ-da təhsil çox bahalıdır. Belə olan halda, bu ölkədə kasıb ailələrin övladları necə ali təhsil alırlar? 
- ABŞ cəmiyyətində xeyriyyəçilik çox geniş yayılıb. Bunu təkcə təhsil sahəsində deyil, hər sahədə hiss etmək mümkündür. Bununla bağlı çox maraqlı bir mənzərəyə şahid olduq. Qaldığımız otelin qarşısında dayandığımız zaman bir nəfərin cibidənki dəmir pulları yerə saldığını gördük. Əvvəlcə, elə zənn etdik ki, həmin şəxs dəmir pullarının yerə düşməsindən xəbərsizdir. Ancaq qısa müddət ərzində eyni mənzərə ilə bir neçə dəfə qarşılaşdığımız zaman başa düşdük ki, insanlar ciblərindəki pulu bilərəkdən yerə atırlar. Sən demə, ABŞ-da otel, restoran və bu cür ictimai yerlərin qarşısında insanlar ciblərində olan dəmir pulları yerə atırlar və ehtiyacı olanlar həmin pulları götürür. Hətta bu ölkədə xeyriyyəçilik o qədər geniş yayılıb ki, ABŞ Dövlət Departamenti belə, bir çox layihələrini sponsorlar və ianələr hesabına həyata keçirir. Təhsil müəssisələrinin qurulmasında, tələbələrin müxtəlif layihə və ya proqramlarda iştirakının təmin olunmasında, yoxsul tələbələrə ayrılan təqaüdlərin təminində xeyriyyəçi yanaşma təhsil müəssisələrinin işində mühüm rola malikdir. Eyni zamanda ABŞ-da sponsor şirkətlərin vəsaiti hesabına oxuyan çoxlu sayda tələbə var. Ümumiyyətlə, yaxşı oxuyan tələbəyə dəstək vermək şirkətlər üçün də sərfəlidir. Çünki həmin tələbə məzun olduqdan sonra peşəkar kadr kimi ona dəstək verən şirkətə daha çox fayda verəcək. 
- Necə fikirləşirsiniz, bu gün universitetlərin iş dünyasına, yoxsa iş dünyasının universitetlərə ehtiyacı var? 
- Təhsil müəssisəsi cəmiyyətin, iş dünyasının etimadını doğrultmalıdır. Əgər təhsil müəssisəsi etimadı doğrultmursa, o zaman heç kim bu müəssisəyə maddi kömək göstərməz. ABŞ-da şirkətlər başa düşürlər ki, böyümək, inkişaf etmək üçün mütləq elmi yeniliklərə, yəni təhsilə daha çox diqqət ayırmalıdırlar. Təhsil müəssisələri də başa düşürlər ki, böyümək üçün şirkətlərin maddi dəstəyini qazanmalıdırlar. Bunun üçün də şirkətlərin ehtiyacına cavab verməlidirlər. Yəni şirkətlər üçün yüksək səviyyəli peşəkar kadrlar hazırlamalı, elmi-texniki yeniliklər etməlidirlər.  Belə demək mümkündürsə ABŞ-da universitet-iş dünyası əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub. Onları bir-birindən ayrı təsəvvür etmək çox çətindir. Bizdə isə bu münasibətlər, demək olar ki, yeni-yeni qurulur.
- Bəs ABŞ-da dövlətin təhsilin inkişafındakı rolu nədən ibarətdir?
- ABŞ-da təhsilin inkişafına təkan verən amillərdən biri də bu ölkədə sosial layihələrə çəkilən xərclərin, o cümlədən də təhsil layihələrinə ayrılan vəsaitlərin vergidən azad olmasıdır. Sosial xərclər vergidən azad olduğu üçün ayrı-ayrı şirkətlər də bu istiqamətdə vəsait xərcləməkdən çəkinmirlər. Bir məsələni də qeyd edim ki, bizdə təhsilin istənilən səviyyədə inkişaf etməməsinin bir səbəbi də iş dünyasının, şirkətlərin təhsil müəssisələrinin önündə dayanması ilə bağlıdır. Məsələn, bizdə şirkətlər xaricdən yeni avadanlıq gətirirlər. Ancaq ölkədə həmin avadanlıqları işlədə biləcək mütəxəssis tapılmır. Çünki universitetlər bu avadanlıqları işlədə biləcək mütəxəssislər hazırlamırlar. ABŞ-da isə əksinə şirkətlər heç vaxt təhsil müəssisələrinin önünə keçə bilmirlər.

P.S. Bu yaxınlarda Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (Azər KİVHİ) “Obyektiv Fikir” İctimai Birliyi müsahibimizi - Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri dr. İsa Qasımovu  “İlin vətənpərvər adamı” mükafatına layiq görüb. Mükafat Azərbaycanın ictimai həyatında mühüm rolu olan elm, təhsil və s. sahələrdə uğurlar qazanmış ziyalılarına verilir. Biz də, öz növbəmizdə, bu mükafat münasibətilə İsa Qasımovu təbrik edirik.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43081
 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde