Bakıda keçirilən VI Beynəlxalq layihə olimpiadasının qalibləri qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmışlar
Aprelin
7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin
mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya")
qalibləri mükafatlandırılmışlar.
AzərTAc xəbər verir ki, mükafatlandırma mərasimində müvafiq dövlət
qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri
iştirak etmişlər.
Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat
Komitəsinin sədri Arif Gömləksiz dahi şəxsiyyət Heydər Əliyevin
ekologiya, ətraf mühitin mühafizəsi məsələlərinə daim böyük önəm
verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Beynəlxalq olimpiada barədə məlumat verən A.Gömləksiz bildirmişdir
ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları
Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İnepo - Avrasiya"
Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən
olimpiadaya dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan,
İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan Malayziya, Böyük
Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya və s.) 400-dək
məktəbli qatılmışdır.
Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud olan
ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi
istiqamətində gənc nəsli məlumatlandırmaqdan, ekoloji bilikləri inkişaf
etdirməkdən ibarətdir.
İştirakçıların təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir.
Yekun nəticəyə əsasən, ayrı-ayrı kateqoriyalar üzrə I yeri tutanlar
qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallara
layiq görülmüşlər.
Sonra qaliblərə mükafatlar təqdim edilmişdir.
Medalçılar arasında azərbaycanlı və türkiyəli məktəblilər çoxluq təşkil etmişlər.
Təhsil nazirinin müavini Qulu Novruzov Prezident İlham Əliyevin,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ekoloji problemlərin
həllinə, ətraf mühitin qorunması məsələlərinə daim xüsusi əhəmiyyət
verdiklərini xatırlatmışdır.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən
danışan Q.Novruzov Azərbaycanın dinamik inkişaf etdiyini, beynəlxalq
aləmdə nüfuzunun yüksəldiyini diqqətə çatdırmışdır.
Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç öz ölkəsi ilə Azərbaycanın
tarixi əlaqələrindən bəhs etmiş, münasibətlərimizin inkişafında ulu
öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən
Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili"
elan etdiyini xatırlatmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini
Firdovsi Əliyev və digər natiqlər də beynəlxalq olimpiadanın
əhəmiyyətindən danışmış, Yer üzündə təbiətin, ətraf mühitin
mühafizəsinin zəruriliyini vurğulamış, qaliblərə yeni nailiyyətlər
arzulamışlar.