Lənkəran Dövlət Universitetinin rektoru Lənkəran Özəl Türk Liseyində
Lənkəran
Dövlət Universitetinin (LDU) rektoru, professor Asəf İsgəndərov
Lənkəran Özəl Türk Liseyində olub. Qonaq əvvəlcə liseyin sinif otaqları,
kitabxanası, laboratoriyaları ilə yaxından tanış olub. Liseyin müdiri
Rüfət Əliyev məktəbin fəaliyyətindən danışaraq bildirib ki, məzunları
TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək
bal toplayaraq respublikamızın eləcə də dünyanın müxtəlif nüfuzlu
universitetlərinə qəbul olurlar. Beynəlxalq fənn və layihə
olimpiadalarından qızıl, gümüş, bürünc olmaqla ümumilikdə 154 medal
qazanıblar.
Sonra
rektor A. İsgəndərov liseyin bir qrup müəllim və 11-ci sinif şagirdləri
ilə görüşüb. Görüş zamanı çıxış edən professor liseyin bölgə təhsilinin
inkişafında, gənc nəslin bilikli, geniş dünyagörüşlü, təlim-tərbiyəli
yetişməsindəki rolundan, bunun nəinki bölgə, bütövlükdə respublikamız
üçün əhəmiyyətindən danışıb. Burada şagirdlər üçün lazımi şəraitin
hazırlandığını qeyd edən natiq, lisey şagirdlərinin əldə etdiyi
nailiyyətləri yüksək qiymətləndirib və uğurlarından qürur duyduğunu
vurğulayıb. Rektor bu liseyi bitirən məzunların LDU-də uğurla
təhsillərini davam etdirdiyini də söyləyib.
Sonra
Asəf İskəndərov Lənkəran Dövlət Universitetinin fəaliyyəti haqqında
söhbət açaraq bildirib ki, iki fakültə ilə fəaliyyətə başlayan LDU-də
indi 4 fakültə, 11 kafedra, magistratura və doktorantura şöbəsi, 14
laboratoriya, elmi kitabxana, idman kompleksi, elektron təhsil şəbəkəsi
vardır. O, üç istiqamətdə, informasiya texnologiyaları, xarici dillər və
Azərbaycan tarixinin daha keyfiyyətli öyrənilməsinə önəm verdiklərini
vurğulayıb. Gələcək planlarından da danışan rektor bildirdi ki, LDU üçün
yeni şəhərcik salınmasının nəzərdə tutulduğunu deyib. Çıxışının sonunda
Lənkəran Özəl Türk Liseyinə təhsildə uğurlar arzulayıb.