Tələbə yataqxanası deyərkən.... - REPORTAJ


 10.04.2012, 09:48
Türk tələbələr: “Azərbaycanlı dostlarımızın analarına öz  anamız kimi baxırıq”
Binaya daxil olarkən,  əvvəlcə elə bildim, ünvanı səhv salmışam. Bura nə universitet, nə istirahət, nə də ki əyləncə mərkəzi idi. Yalnız dəhlizdə ora-bura qaçan  tələbələrdən və qapısı açıq bir-iki otaqdan hiss olunurdu ki bura tələbələrin qaldığı məkandır, yəni tələbə yataqxanasıdır. Qafqaz Universitetinin tələbə yataqxanası...



Bu gün ölkəmizdə tələbələr üçün belə bir yataqxananın olması doğrusu, təəcüblü gəlirdi mənə.... Axı bizdə tələbə yataqxanası deyərkən, gözümüzün önündə ilk növbədə Sovet dövründən qalma, hörümçək torunu xatırladan elektrik naqilləri dolaşıq, üfunət qoxulu, uçuq-sökük köhnə binalar canlanır. Üstəlik də sakinlərinin yeri səhv düşmüş, məcburi köçkünlərin məskunlaşdığı binalar. Bir sözlə, tələbəsi olmayan, yalnız quruca adı olan yataqxanalar...
Bizim isə gəldiyimiz yerin həm adı vardı, həm də kifayət qədər tələbəsi. İstirahət  günü olmasına baxmayaraq, tələbələri yerində tapa bilmişdik, hər kəs bir işlə məşgul idi. Söhbət üçün ayaqqabılarımızı çıxarıb, dəhlizə keçdik. Qapısı açıq bir otaqda iki oğlan stolüstü tennis oynayırdı.


Biz də otağa keçib, bir müddət oyunu izlədik. Oyunçulardan birinin adı Rəşaddır. Zaqataladan gəlib. Rəşad verdiyim sualları qısaca cavablandıraraq, sadəcə yataqxana şəratindən razılığını bildirdi. Deyəsən, oyun üçün yaman tələsirdi. Biz də vaxtımızı itirmədən, tələbələrin yaşayış şəraiti ilə tanış olmağa getdik.


Həmsöhbətimiz yataqxana müdiri Nüsrət Rüstəmov bildirdi ki, yalnız oğlanlar üçün nəzərdə tutulan yataqxanada 250-yə yaxın tələbə qalır. “Burada tək azərbaycanlı tələbələr deyil, həm də Turkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan,  Nigeriya,  Moldovodan da tələbələr var. Bizim yataqxanada tələbələrin dərsləri ilə məşğul olması üçün çalışma otaqları, kompüter otaqları, yeməkxana,  müayinə, istirahət, yataq otaqları var.




Bu istirahət otaqlarında tələbələrin  valideynləri də gəlib qala bilərlər. Burada Wi-Fi sistemi var ki, tələbələr  gecə 12-yə kimi internetə daxil ola bilərlər. Yataqxana müdirilə söhbətdən belə aydın oldu ki, tələbələrin axşam saat 9-dan sonra yataqxanaya gəlməsi qadağandır. Nüsrət müəllim bizi otaqlarla tanış edərkən, bir tələbənin bizə diqqətlə baxması və söhbətimizə qulaq asması nəzərimizdən yayınmadı.
O, türkiyəli tələbədir, adı Fateh Sökmendir. Türk-dili və Ədəbiyyat fakültəsinin 3-cü kursunda oxuyur.
”Biz Türkiyədən imtahan verib, bura gəldik. Universiteti bitirdikdən, sonra yenidən Türkiyəyə qayıdacam, amma buradakı tələbə həyatı xoşuma gəlir. Mən təqaüd almıram, valideynlərim pul göndərir, həmin pulla da ehtiyaclarımı ödəyirəm” deyən Fateh daha sonra “bu qədər” söyləməklə söhbətədən boyun qaçırdı...


Sonra da digər bir türk dostunu dəhlizdə tutub, bizi ona tərəf yönəldərək, “suallara o, yaxşı cavab verəcək” dedi.

Fatehin dostu İbrahim Kurt “tələbə həyatından danışmalıyam?” deyə soruşub, “hə” cavabı eşidəndə söhbətə başladı. Hiss olunurdu ki, İbrahimin ürəyi yaman doludur...

“Mən Türkiyənin Ərzurum şəhərindən gəlmişəm. Qafqaz Universitetinin Pedaqogika fakültəsinin 4-cu kurs tələbəsiyəm. İlk vaxtlar çətin idi, bura öyrəşmək. Daha sonra sağ olsun, azərbaycanlı dostlarımız bizə bura öyrəşməkdə kömək etdilər... Biz azərbaycanlı dostlarımızın evlərinə gedirik, onların analarına öz anamız kimi baxırıq, onlar da bizə öz övladları kimi baxırlar. Universiteti bitirdikdən sonra fərq etməz, Azərbaycanda qalacam ya da Turkiyədə, amma magistr təhsilimi Türkiyədə almaq istəyirəm. Buradakı muəllimlərimiz, qrup rəhbərlərimiz bizə hər tərəfdən çox köməklik göstərirlər. Burada maddi sıxıntılarımız yox, mənəvi sıxıntılarımız çox  olur ki, o da valideynlərdən uzaqda olmaq səbəbindəndir. Birdə ki, hər bir tələbənin sıxıntısı olur. Biz səhər 7:45-də səhər yeməyi yeyirik, daha sonra hər kəs dərs başına... Burada bizə Azərbaycan dili və ədəbiyyat fənni keçilir. Mən Azərbaycan dilində başa düşürəm, amma danışa bilmirəm...”.

Dəhlizdə digər bir tələbə də danışmaq üçün bizə yaxınlaşır:


Nicat Qafqaz Universitetinin birinci kurs tələbəsidir. İsmayıllı rayonundan gəlib, kənd məktəbinin məzunudur, 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olub.
“Yataqxanada qalmaq üçün aya 160 manat pul verirəm, özum təqaüd alıram, mənə kifayət edir aldığım təqaud. Valideylərim az halda pul göndərir, buradakı bütün şərait məni qane edir, 6 tələbə bir otaqda qalırıq, otaqların təmizliyinə özümüz cavabdehik. “Qafqaz”a qəbul olduğum üçün çox sevinirəm, məncə bizdə “Qafqaz”dan yüksək universitet yoxdur. Buranı bitirəndən sonra, fikrim var ki, təhsilimi xaricdə davam etdirim”.

 Tələbələrin çalışma və yataq otaqları ilə tanış olduqdan sonra, yeməkxananı da görmək maraqlı idi.

Bu səbəbdən də yeməkxanaya  getdik. Yeməkxanada yalnız 2-3 müəllim oturub söhbət edirdi. Deyəsən hamı dərsdə idi...
Bir tələbəni zorla tapa bildik.


Malik adlı bu tələbə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cu kurs tələbəsidir, Balakəndən gəlib. Deyir ki, məktəb vaxtı o qədər də yaxşı oxumayıb, yalnız 10 və 11-ci siniflərdən oxumağa başlayıb, bu universitetə qəbul olandan sonra isə hər gün oxumağa məcburdur.
“Burada oxumasan, qiymət almaq olmur. Burada  heç televizora baxmağa da vaxtımız olmur, hər şərait var, başımızı qatmaq üçün. Həm də burada hər kəs bir dərnəyin üzvüdur, mən gənc akademiya klubunun idarə heyətindəyəm. Bura 430 balla qəbul olunmuşam, odənişli əsaslarla oxuduğum üçün təqaüd almıram, valideynlərim pul göndərir, şəhərə çox çıxmıram deyə, aya təqribən 100 manat pul xərcləyirəm. Yeməyə pul xərcləmirəm, yataqxana özü gündə 3 dəfə yemək verir, yeməklərin dadı əla olur. Hər tətildə, hər bayramda valideynlərimin yanında oluram. Demək olar ki, hər şey yaxşıdır, buranın tələbələri elə də çox deyil, hamı bir-birini tanıyır, bir otaqda qaldığımız uşaqlar isə dostlarımızdır. Çox az halda sözümüz çəpləşər, məsələn, pəncərəni açmaq üstündə, birimiz deyir ki, mənə soyuqdur, o birimiz isə deyir ki, yox istidir. Başqa məsələlərdə bir-birimizi başa düşməyə çalışırıq. Dərslərimizi hazırlamaqda çətinlik çəkmirik, çünki dərslərimizi hazırlamaq üçün otaqlar var, hər kəs ayrı-ayrılıqda gedib, dərslərini hazırlaya bilər”.

Artıq iki saata yaxın olardı ki, biz tələbələrlə birgə idik. Bu müddət ərzində heç bir tələbədən “darıxıram, narazıyam, problemimiz var” sözü eşitmədik. Həmsöhbət olduğumuz tələbələrin demək olar əksəriyyətinin bir arzusu var, təhsillərini xaricdə davam etdirmək və vətəni əcnəbi ölkələrdə təmsil etmək.
“Nə yaxşı ki, bu cür savadlı  tələbələrimiz var, onlara hər zaman, bu cür imkanlar yaradılsa, gör  hələ nələr  edərlər” deyə düşünüb məkanı tərk edirik. Tələbə yataqxanasından xoş təəssürat və müsbət enerji ilə ayrıldıq. Ümid edək ki, belə yataqxanalara gələcəkdə yenə də yolumuz düşəcək... Digər universitetlərimiz üçün nəzərdə tuturuq...


Müxbir: Nihadə Eyyubova
Fotomüxbir: Elçin Ağayev

http://modern.az/articles/22811/1/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF