Ahmet Saniç: "Problemin çözüldüyü yer var..."
Yolboyu reportajı necə hazırlamağı düşünürdüm. Ünvana çatanda isə
sanki bir günlük də olsa, tələbəlik illərinə qayıtmışdım: yenə
universitet qapısı, pilləkənlərdən tələsik halda düşən tələbələr,
yeməkxana və s....
Amma qapıdan bir tələbə kimi yox, reportaja gələn jurnalist kimi daxil oldum....
Rektorla görüş üçün ikinci mərtəbəyə qalxdıq və haradan gəldiyimizi
bildirdik. Universitet rəhbərini yerində yox idi, gözləməliydik.
Fürsətdən istifadə edib rektorun iş otağındakı kiçik bir guşəyə göz
gəzdirdik. Orada universitetin fəaliyyəti dövründə qazandığı diplomlar,
fəxri fərmanlar, mükafatlar, hədiyyələr yerləşdirilmişdi.
Təxminən 5 dəqiqədən sonra müsahibimiz gəldi və xoş sima ilə bizi
qarşıladı. Qonağı olduğumuz Qafqaz Universitetinin rektoru Ahmet Saniç
Modern.az saytını izlədiyini bildirməklə söhbətə özü başladı:
“Bildiyiniz kimi, universitetlərin 3 vəzifəsi var. Bunlar tələbə
yetişdirmək, yaxşı çalışmaq və sosial məsuliyyət. İctimai məsuliyyət
deyərkən, məsələn, kompüterler məktəblərə paylanıb, amma bu kompüterləri
çalışdıracaq müəllim yoxdu. Bu bəzi regionlarda, Xırdalanda, yaxud da
Sumqayıtda ola bilər. Həmin regionların Təhsil şöbələrinin müdiri ilə
bizim işçilər görüşürlər, qərar verirlər ki, bu müəllimlərin kompüter
bilgilərini artırmaq üçün kurslar təşkil edək. Biz 3-4 dəfə Sumqayıtda,
Xırdalanda belə kurslar təşkil etmişik. Bu cür layihələri yalnız
müəllimlər deyil, tələbələr də təşkil edir, məsələn, bizim Zeynalabdin
Tağıyev tələbə dərnəyi var ki, bu dərnək qurban kəsir, kitablar toplayıb
paylayırlar. Bizim məqsədimiz universiteti dörd divar arasına
sığışdırmaq deyil, onu tanıtmaqdır”.
Ahmet bəy deyir ki, universitet təhsilinin düzgün qurulması, peşəkar
savadlı kadrların yetişdirilməsi Azərbaycanda fəaliyyət göstərən bir
sıra nüfuzlu şirkətlərin maraq dairəsindən kənarda qalmır. Belə ki,
həmin şirkətlər böyük vəsait ayırmaqla universitetin nəzdində xüsusi
labarotoriyaların açılmasına dəstək olaraq, gələcəkdə potensial
kadrların inkişafı üçün şərait yaradırlar.
Bunun xeyirli tərəflərini rektor belə açıqladı: “Bizim bir çox
şirkətlərlə - “Azercell”, bp, “Azersun Holdunq”, ”Embawood”la
əlaqələrimiz var. Bu əlaqələrin bir çox xeyiri var, birincisi müəllimlər
həmin yerlərə gedirlər, təcrübə görürlər, sonda tələbələrə nəzəri
biliklərlə yanaşı, praktik biliklər də verirlər.
İkincisi,
təcrübə işini biz çox yaxşı təşkil edirik. Təcrübə 2-ci kursdan 3-cu
kursa, 3-cü kursdan 4-cüyə keçərkən olur. Bu təcrübələrin bir qismini
Türkiyədə, hətta Almaniyada keçirik. Xüsusilə hər tələbə üçün təcrübə
yeri seçirik, bura banklar, dövlət qurumları ola bilər. Üçüncü faydası
odur ki, biz heç bir firmaya demirik ki, bizim məzunu işə götür, sadəcə
bu gediş-gəlişlər sırasında ünsiyyət qurulur və sonda məzunlarımız da
işlə təmin oluna bilir.
Bizdə tələbə bilir ki, çalışmasa, universiteti bitirə bilməyəcək, nəzakətli olmasa, müəllim onu xoş qarşılamıyacaq”.
Rektorun
sözlərinə görə, tləbələrin potensial kadr kimi yetişməsində mühit,
müəllim-tələbə ünsiyyəti və laboratoriyalar çox önəmlidir.
”Biz
laboratoriyası olmayan bölmə açmırıq. Açdığımız hər bölmələrin
laboratoriyası var. Təhsil məsələsi planlaşdırılmadan, son dərəcə
diqqətli olmadan gerçəkləşdirilən bir məsələ deyil. Təhsil məsələsi axan
su kimidir. Biz burada yalnışlığa yol vermirik, hətta tələbələr
arasında danışığa belə çox diqqət veririk, məsələn, az da olsa
universitetdə siqaret çəkən tələbələr var, bu vərdişi tərgitmək üçün
muəllimlər onlarla söhbət edər, siqaretin ziyanınından danışırlar, yəni
müəllim tələbəni yaxşı yolla başa salmağa çalışar, cünki bu dövrdə zorla
heç nə əldə edə bilməzsən.
Burada hər kəs gülərüzlu, heç kimin heç kimə minnəti yox, tələbə tələbəliyini edər, müəllim də müəllimliyini”.
Tələbədə milli dəyərlərin olmasını xüsusi qeyd edən rektor bu mövzuda
da danışır: “Biz tələbəyə desək ki, sən vətənini, torpağını sev, bu
çox quru olar. Bunun üçün biz dərnəklər təşkil edirik, 20 yanvarla,
Xocalı qətliamı, Cümhuriyyet quruluşu ilə bağlı dərnəklərimiz var. Bu
dərnəklərdə tələbələr hazırlıq işləri görərkən onların vətənpərvərlik
duyğuları da ortaya çıxır.Yetişdirdiyimiz tələbələrin milli ruhda olması
lazımdır, məsələn tələbə xaricdə təhsil alır, amma o, milli ruhda
tərbiyə olunmazsa, geri qayıtmaz. Universitetin tələbələri müəyyən
dərnəklərdə birləşməklə yanaşı, teatr, xor, rəqs klublarında da xususi
rol oynayırlar”.
1993-cü
ildən fəaliyyətə başlayan Qafqaz Universitetinin 2800 tələbəsi var,
onlardan 2300-ü bakalavr, 300-ü magistrdir, 60-dək doktorant var. Ali
məktəbdə 200-dən çox müəllim çalışır. Onların da 80 faizi xaricdə təhsil
alıb ya da ölkədən kənarda çalışıblar.
Ahmet Saniçlə
söhbətdən belə başa düşdüm ki, bu universitetdə tələbə çox rahatlıqla
rektorla görüşə bilər. Tələbələrlə sərbəst görüşmə məsələsinə rektor
belə münasibət bildirir:
“Əgər hər şeyi rektor edərsə, o
zaman dekan, kafedra müdiri nəyə lazımdı? Bu rektorla görüşüb –
görüşməmək məsələsi deyil, problemin çözüldüyü yer var, əvvəl dekan,
sonra kafedra müdiri problemi çözə bilər. Amma elə bir problem olar ki,
məsələn, bir tələbənin atası vəfat etmiş, son kursa gəlmiş, ödənişi edə
bilmir, təbii ki, bunu dekan çözə bilməz və rektor çözər bir yolla.Yaxud
da ki, elə problemlər ola bilər ki, məsələn, tələbəylə müəllim
qarşı-qarşıya gələrsə, dekan və kafedra müdürü bu problemləri həll edə
bilməzsə, bu zaman rektor köməkçisi həmin problemi həll etməyə çalışar,
əgər o da həll edə bilməzsə, artıq rektor bunu həll edər .Təbii ki, hər
kəslə görüşmək mümkün deyil, amma mən hər gün yeməyə gedirəm, bu zaman
tələbələr mənə problemlərini də deyə bilirlər. Bura elektronlaşdırılmış
universitetdir”.
Rektor deyir ki, tələbələr öz şifrələriylə kompüterə girir, neçə bal
aldıqlarını görür, etirazını da e-mail vasitəsilə bildirə bilir.
”Burada müəllimin elektron ünvanı var, hər müəllim kitablarını ora
yerləşdirər, hər tələbə də həmin ünvandan özünə lazım olanı seçər.
Bizim tələbələrin ingilis dili və kompüteri bilməyi çox vacibdir. Hər il
bizim universitetdə yeni fakültələr açılır. İcazə verilərsə, biz Tibb
və Hüquq fakültələrini də aça bilərik”.
Qafqaz Universitetində
təhsilin yüksək səviyyədə təşkili sözsüz ki, diqqət mərkəzindədir. Məhz
bu səbəbdən bu il ölkəmizdə 700 bal toplayan 4 tələbənin 4 də məhz
buranı seçiblər.
Sonda Ahmet müəllim Modern.az kollektivinə Qafqaz Universitetinin nəşrlərindən ibarət hədiyyələr verdi
Nihadə EYYUBOVA
Fotomüxbir Elçin AĞAYEV