ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin 2 illiyi ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirilmişdir
3
aprel 2012-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin struktur
tərkibində “Azərikimya” İB-nin yaradılmasının 2 illiyi ilə bağlı
Birliyin baş ofisində respublikanın mətbuat nümayəndələri ilə görüş
keçirilmişdir.
Görüş zamanı jurnalistlərə Azərbaycan
Prezidenti İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamına uyğun
olaraq “Azərikimya”nın Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə
verilməsindən ötən dövr ərzində Birliyin müəssisə və idarələrində
aparılmış yenidənqurma işlərindən, istehsalata mütərəqqi
texnologiyaların tətbiqindən, xarici iqtisadi və inteqrasiya
əlaqələrindən, kimyaçılara göstərilən sosial qayğı və s barədə geniş
məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, ötən dövr ərzində
Birlik müəssisələrinin istehsalat fəaliyyəti gücləndirilmiş, görülən
tədbirlər nəticəsində 2010-cu il uğurla başa vurulmuş, 2011-ci ildə daha
yüksək istehsalat nailiyyətləri qazanılmışdır. Ötən ilin əmtəəlik
məhsul istehsalını proqnoz üzrə 117 faiz yerinə yetirmiş kimyaçılar
bütövlükdə əvvəlki ilə nisbətən bu göstəricinin 30 faizə qədər artımına
nail olmuşlar. Əsas məhsullar olan etilen, polietilen və texniki
diizopropil istehsalına artıqlaması ilə əməl edilmiş, onların illik
istehsal həcmi əvvəlki, hətta 2010-cu illə müqayisədə orta hesabla 40
faizdən də çox olmuşdur. İstehsalatın müxtəlif xammalla təchiz olunması
həll olunmuşdur.
ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə
Birliyin yeni yaradılmış Nəqliyyat və xüsusi texnika İdarə üçün 70-ə
qədər yeni maşın və texnika, agır tonnajlı yük maşınları,
ekskavatorlar, traylerlər və özüboşaldan maşınlar və s. alınmışdır.
Müəssisələrdə çalışan əməkçilərin
nəqliyyat sarıdan rahatlığını, səhər və axşam növbələrində işə
vaxtında, problemsiz gediş-gəlişini təmin etmək məqsədi ilə çoxyerli,
komfortabelli yeni avtobuslar da alınmış və kimyaçıların istifadəsinə
verilmişdir.
Sabahın neft-kimya istehsalatını müasir
tələblər və standartlar səviyyəsində qurmaq, perspektiv layihələr
üzərində birgə işlərin aparılması məqsədilə Yaponiya, Almaniya, Rusiya,
İngiltərə, Fransa və digər ölkələrin şirkət rəhbərləri ilə işgüzar
əlaqələr və iş birliyi qurulmuşdur.
Birliyin müəssisələrində
genişmiqyaslı yeniləşmə və rekonstruksiya işlərinin davamı olaraq
istehsalatın müxtəlif sahələrində müasir standartlara uyğun olan,
avtomatlaşdırma-kompüter sistemi üzrə idarə edilən xarici qurğu və
avadanlıqların tətbiqi geniş yer almaqdadır. Ötən ilin sonlarında və bu
ilin yanvarında Etilen-polietilen zavodunun izopropil istehsalatında
Almaniyanın «Lurge» firmasının istehsalı olan yeni qızdırıcı qurğunun,
«Polimir-120» kompleksində Türkiyə və Almaniya mütəxəssislərinin
iştirakı ilə müasir tipli, kompüter sistemi üzrə idarə olunan yüksək
məhsuldarlıqlı qablaşdırma maşınının və paletləmə kompleksi və
digərləri quraşdırılmışdır.
Moskvanın VNİİOS İnstitutunun xətti ilə
EP-300 istehsalatının və Sankt-Peterburqun “Plastpolimer” İnstitutu
əməkdaşları ilə birgə “Polimir-120”qurğusunun yenidən qurulması üçün
analiz-təhqiqat işlərinin aparılması davam etdirilir.
2010-cu ildən başlayaraq Türkiyənin
“Petkim Petrokimya Holding” şirkəti ilə də səmərəli əməkdaşlıq və
inteqrasiya əlaqələri qurulmuşdur. Bunun real nəticəsi olaraq Birliyin
istehsal etdiyi kimyəvi məhsulların xarici bazarlarda, xüsusilə də
Avropa ölkələrində satış şəbəkəsi və alıcı dairəsi getdikcə
genişlənməkdədir. Ötən il bizim məhsulların alıcıları sırasında MDB
ölkələri olan Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Qırğızıstanla yanaşı ABŞ, İtaliya, Rumıniya, Bolqarıstan,
Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Çin, İsveç, Mərakeş və digər
ölkələr də olmuşdur.
Birliyin müəssisələrində kadr
hazırlığına da xüsusi diqqət yetirilir. İstehsalatda çalışan və işə
yeni qəbul olunan gənc mütəxəssislərin daha geniş təcrübə əldə etməsi,
mütərəqqi texnologiyaların tətbiq olunduğu modern qurğu və
avadanlıqların iş prinsipinə dərindən yiyələnmələri məqsədilə artıq
onların böyük bir hissəsi ayrı-ayrı qruplar halında Türkiyənin ən müasir
neft-kimya şirkəti olan «Petkim»də təcrübədə olmuşlar.
Yüksək ixtisaslı kadr hazırlığnın mühüm
bir istiqaməti olaraq ölkəmizin neft-kimya sənayesi üçün mühəndis və
iqtisadçı kadrlar hazırlayan Bakı Dövlət Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası və “Qafqaz” Universiteti və Moskva Dövlət
Universitetinin Bakı filialı ilə qarşılıqlı faydalı əməkdaşlığa
başlanılmışdır.
ARDNŞ rəhbərliyi neft-kimya sənayesi
üçün yüksək ixtisaslı mühəndis-texniki kadrların hazırlanması ilə
yanaşı peşəkar fəhlə kadrların hazırlanmasını da bugünün vacib, aktual
bir məsələsi kimi diqqət mərkəzində saxlayır. Neft Şirkəti rəhbərliyinin
tapşırığı ilə gənc fəhlə kadrların hazırlanması və peşə vərdişlərinin
təkmilləşdirilməsi məqsədilə Sumqayıtda ilk dəfə olaraq müasir tipli
Təlim-Tədris Mərkəzinin (TTM) yaradılmasına başlanılmışdır. Onun yaxın
günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Kimyaçıların əməyinin mühafizəsi, onlar
üçün normal və sağlam iş şəraitinin yaradılması, əmək və sosial
şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması ilə bağlı da
bir-çox tədbirlər həyata keçirilmişdir. Ötən iki il ərzində
kimyaçılarıın əmək haqqları artırılmış, maddi vəziyyətləri
yaxşılaşmışdır. Bütün Birlik işçiləri qoruyucu dəbilqələr, xüsusi
dizayna malik qış və yay üçün rahat və münasib fərdi iş geyimləri,
ayaqqabılarla təmin edilmişlər.
ARDNŞ tərəfindən ötən ilin ortalarında
müasir tibbi-səhiyyə avadanlıqları ilə təmin edilmiş, bütün tibb
kabinələri mövcud standartlar səviyyəsində qurulmuş «Kimyaçı»
poliklinikasının, həmçinin əməkçilərə operativ və yüksək səviyyədə tibbi
xidmət göstərmək imkanına malik, unikal avadanlıqlarla təchiz edilmiş
təcili tibbi yardım maşını və digər vasitələrlə gecə-gündüz
kimyaçıların sağlamlığı keşiyində dayanan Təcili tibbi yardım
Mərkəzinin istifadəyə verilməsi «Azərikimya» kollektivinə göstərilən
diqqət və qayğının danılmaz, əyani nümunəsidir.
Yeri gəlmişkən onu da qeyd etmək
istərdim ki, poliklinikanın Avropa standartlarına uyğun olaraq tibbi
avadanlıqlarla təmin edilməsi burada artıq 15-ə yaxın göz və burun-boğaz
cərrahiyyəsi üzrə mürəkkəb, lakin uğurlu əməliyyatın yerinə
yetirilməsinə imkan yaratmışdır.
Son iki il ərzində şəhərin sənaye
zonasının yaşıllaşdırılması ilə də bağlı xeyli iş görülmüş, 35 hektara
yaxın sahəsində 80 minə yaxın ağac əkilmişdir. Yaşıllıq sahələrini daha
da genişləndirmək və bu işi müntəzəm olaraq davam etdirmək üçün keçən
ildən etibarən Etilen-polietilen zavodu və yaşıllıq zonası
ərazisində minlərlə ağac pöhrəsinin yetişdirildiyi geniş tinglik
sahələri yaradılmışdır ki, bununla da keçirilən iməciliklər zamanı yeni
yaşıllıq sahələrinin salınması daxili imkanlar hesabına təmin edilir.