“Mesenat” uğurlu premyeradan qastrol səfərinə
23 April, 2012, Qafqaz
Universiteti dram dərnəyinin yaradıcı heyəti Əli Əmirlinin milyonçu
Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat”
pyesinin sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu əsasında
hazırlanan eyniadlı tamaşanı Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında teatrsevərlərə təqdim etdi.
Dövlət Gənc Tamaşaçılar
Teatrında uğrlu premyeradan sonra Abşeron rayon Mədəniyyət Evində
nümayiş olunan tamaşanın ilk qastrol həyatı alqışlarla
qarşılandı. Xalqımızın yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə
əbədi heykəl ucaltmış “millət atası” nın siması böyük ehtiram və
məhəbbətlə səhnədə canlandırıldı.
Şərq
dünyasının ilk mesenatı H.Z.Tağıyevin ömrünün sonunadək mübarizə
apardığı həyat amalının təməlində millətin tərəqqisi, təhsili dayanırdı.
Tamaşa mesenatlıq-xeyriyyəçilik məktəbinin əsasını qoymuş, böyük
maarifçi kimi maarif və mədəniyyətin inkişafı və tərəqqisi naminə
misilsiz xidmətlər göstərmiş Hacı Zeynalabdin Tağıyev fenomenini yenidən
xalqa qaytardı.
Həvəskar
aktyorları ayaqüstə alqışlayan tamaşaçılar sonda səbirsizlənib səhnəyə
çıxaraq hələ sağlığında əfsanələşən bu böyük insanı səhnədə yaşadanlara
minnətdarlıqlarını bildirirdilər.
Mədəniyyət şöbəsinin müdiri
sənətşünaslıq namizədi Zəminə Axundova tamaşanın Lənkəran Dövlət Dram
Teatrı səhnəsində göstərilməsinə şərait yaradan Lənkəran rayon İcra
başçısı Taleh Qaraşova, Lənkəran rayon İcra Hakimiyyətinin Səhiyyə,
Mədəniyyət və Təhsil şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarova,
Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənova, teatrın bədii
və texniki heyətinə, Lənkəran Dövlət Universitetinin rektoru Prof. Asəf
İsgəndərova, Lənkəran Dövlət Humanitar və Tibb Kollecinin rəhbərliyinə
və tələbələrinə təşəkkür edərək, Hacı Zeynalabdinin böyük adı və
maarifçilik sahəsində misilsiz əməllərinin bu gün də yaşadığını
vurğuladı.