BAKIDA BEYNƏLXALQ EKOLOJİ OLİMPİADA KEÇİRİLDİ
2012-04-06
Dünən Bakıda Heydər Əliyev adına İdman-Konsert
Kompleksində VI İnepo-Avrasiya Ekologiya Olimpiadası keçirilib. Açılış
mərasimində Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Dövlət Neft Şirkətinin, “Çağ” Öyrətim İşlətmələrinin
nümayəndələri iştirak ediblər.
Qafqaz
Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin “Yeni Müsavat”a
verdiyi açıqlamaya görə, tədbirdə məqsəd gənc nəsli ekoloji yöndə
maarifləndirməkdir: “Məqsəd gənc nəsli Azərbaycanda və dünyada artmaqda
olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması
mövzusunda maarifləndirməkdir. Builki olimpiadada iştirakçı ölkələrin
sayı 42-yə çatıb. Yerli məktəblərdən olimpiadaya 300-dən artıq layihə
təqdim olunub. Onların arasından da seçim etməklə bu layihələrdən 70-i
final mərhələsinə buraxılıb”.
Məktəblilərin VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasına müxtəlif ekoloji layihələr təqdim olunub. Məsələn, Sumqayıt məktəbliləri “Planetimizi təmiz saxlayaq” adlı layihə ilə olimpiadaya qatılıb. 25 saylı məktəb-liseyin şagirdi Aygün Hüseynova deyir ki, layihədə məişət tullantılarını çeşidləmək, zibil qutularını yerləşdirmək, əhalini maarifləndirmək üçün aksiya keçirmək nəzərdə tutulur.
Qaradağ rayonunun məktəbliləri isə “Tezlik çeviricisinin tətbiqində enerjiyə qənaət” adlı layihə hazırlayıb. 139 saylı orta məktəbin şagirdi Çinarənin sözlərinə görə, hazırladıqları mühərrik enerjiyə qənaət etməyə imkan verir: “Ölkədə enerjiyə tələbat artır. Yeni qurğular axtarmaq əvəzinə enerjiyə qənaət daha sərfəlidir. Bizim mühərrik bu işə yarayır”.
Ordubad qız liseyinin şagirdləri isə elektrik istehsal edən klaviatura hazırlayıb. Liseyin şagirdləri Şəhla və Bənövşə deyirlər ki, layihələri vasitəsilə mexaniki enerjini elektrik enerjisinə çevirə bilirlər. Onlar bunun sağlıq sahəsində də tətbiqinin mümkünlüyünü qeyd edirlər. Qax məktəbliləri “Günəşin nuru və küləyin gücü ilə ekoloji problemlərin həlli” layihəsini təqdim edib.
Tədbirdə müxtəlif ölkələrə həsr olunmuş stendlər də təqdim edilib. Stendlərdə o ölkələrin mədəniyyətləri, milli rəqsləri, pul vahidləri və s. barədə məlumatlar sərgilənib, şagirdlər sərgi iştirakçılarına təmsil etdikləri ölkələr barədə ətraflı məlumat verib.
Qafqaz Gimnaziyasının V sinif şagirdi Ərhun Abbaslı İngiltərə ilə bağlı stendi təqdim edir. O, İngiltərənin məşhur dramaturqu Uilyam Şekspir barədə məlumat verib: “Mən dünyanın ən məşhur dramaturqlarından biri Uilyam Şekspirəm. 1564-cü ildə İngiltərədə anadan olmuşam. “Kral Lir”, “Otello”, “Maqbet”, “Romeo və Cülyetta”, “Hamlet” kimi məşhur əsərlərim dünya ədəbiyyatının nadir inciləri sırasındadır”.
Qafqaz Gimnaziyasının şagirdi Səfurə Məmmədova isə Türkiyə ilə bağlı stendi təqdim edib. O, sərgi iştirakçılarına milli rəqs olan təsəffüf və böyük şair-mütəfəkkir Mövlana barədə məlumat verdi.
Tədbirdə “Çağ” Öyrətim İşlətmələri Məhdud Məsuliyyətli Müəssisəsinin liseyləri, gimnaziya və kursları barədə də məlumatlar verilir. “Araz” kurslarının mətbuatla bağlı koordinatoru Fərid Həsənovun sözlərinə görə, kursun müxtəlif vəsaitləri, test bankları, kitablar sərgi iştirakçılarına pulsuz paylanır.
Qeyd edək ki, layihələr dünən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadanın son günündə - aprelin 7-də isə qaliblər mükafatlandırılacaq və bağlanış mərasimi keçiriləcək.
Xatırladaq ki, bu olimpiada ölkəmizdə 2007-ci ildən etibarən keçirilir. Təşkilatçılar Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyidir.
Fotolar müəllifindir
http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/121210-BAKIDA_BEYN%C6%8FLXALQ_EKOLOJ%C4%B0_OL%C4%B0MP%C4%B0ADA_KE%C3%87%C4%B0R%C4%B0LD%C4%B0