Hacı Zeynalabdin Tağıyev adına klubun növbəti xeyriyyə addımı
Qafqaz Universiteti Mədəniyyət
şöbəsi Hacı Zeynalabdin Tağıyev adına klubun təşkilatçılığı ilə
xeyriyyə tədbiri keçirildi.Hacı Zeynalabdin Tağıyev adına klubun
yaranmasının 7 illiyinə həsr olunan tədbirdə klub üzvlərini səmimi
sözlərlə təbrik edən universitetin rektoru, professor Ahmet Saniç xoş
məramla yaradılmış dərnəklərin, xüsusilə H.Z.Tağıyev adına Yardım
Dərnəyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışdı. O eyni
zamanda klubun fəaliyyətini yüksək qiymətləndirərək, onların
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi
yolunda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ənənələrini davam
etdirmələrinin vacibliyini vurğuladı.
Yardım
dərnəyinin bu günə qədər həyata keçirdiyi xeyriyyə aksiyalarına həsr
olunmuş tanıtım videoçarxı nümayiş olundu. Maraqlı konsert proqramına
tanınmış sənət adamları da qatıldılar. Xeyriyyə tədbirində kluba dəstək
olan “Mənsum İbrahimov məktəbi”nin yetirmələri Arzu Əliyeva və İlkin
Əhmədovun yüksək professionallıq və “mənsumsayağı” ifaçılıq məharətləri
ilə təqdim etdikləri “Azərbaycan” dueti böyük ehtiram və məhəbbətlə
qarşılandı. Tamaşaçılar “Nur” və “Cahan” qruplarının nəğmə çələngini
sürəkli alqışlarla mükafatlandırdılar.
Xeyriyyə
konserti tələbələrin ifasında təqdim olunan rəngarəng nəğmələr,
parodiya və intellektual-əyləncəli oyunlarla davam etdi. Qafqaz
Universitetinin tələbələrinə Tanrıdan bəxş olunan xeyriyyəçilik tamaşaçı
zalı ilə səhnəni bir vəhdətdə birləşdirdi. Qeyd edək ki, xeyriyyə
konsertindən əldə ediləcək vəsait qayğıdan məhrum olan insanlara
ünvanlanacaq.