Türkiyənin “Zambak” nəşriyyatı və “Təhsil və Ar-Ge”nin direktoru liseydə olub
Noyabrın 13-də “Zambak” nəşriyyatı və
“Təhsil və Ar-Ge”nin direktoru B. Yüksəl Şahin və onu müşayət edən
Azərbaycan-Türkiyə özəl liseyləri baş idarə rəisinin müavini Murat Topçu
“Dədə Qorqud” Özəl Türk Liseyində olublar. Qonaq əvvəlcə liseyin sinif
otaqları, laboratoriyaları, kitabxanası ilə yaxından tanış olub. Liseyin
müdiri Yusif Duran qonaqlara “Dədə Qorqud” Özəl Türk Liseyində yeni
tədris ilindən başlayaraq dərslər elektron təhsil sistemi ilə
keçilməsindən, bunun üçün liseyə “Ağıllı lövhə”lər alınaraq şagird və
müəllimlərin istifadəsinə verilməsindən danışaraq bildirib ki, bu
yenilik şagirdlərin dərsi qavrama qabiliyyətini yüksəltməklə bərabər
dərslərin ən müasir qaydalarla keçilməsində mühüm rol oynayır. Liseydə
bu kimi təhsil yenilikləri mütəmadi olaraq davam edəcək. Y. Duran
liseyin təhsildə əldə etdiyi nailiyyətləri barədə də söhbət açaraq deyib
ki, ötən tədris ilində şagirdləri Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən
yüksək bal toplayaraq Azərbaycanın, eləcə də dünyanın bir sıra
universitetlərinə qəbul olunublar. Şagirdləri hər il keçirilən
“İnepo-Avrasiya”, Beynəlxalq Türkcə və “Ana dilimizi sevək, sevdirək”
kimi beynəlxalq fənn və layihə olimpiadalarında fəal iştirak edərək
medallar qazanırlar.
B. Yüksəl Şahin liseydə tətbiq olunan
təhsil yeniliklərindən və burada şagirdlər üçün hazırlanmış şəraitdən
məmnun olduğunu bildirib. Liseyin pedaqoji kollektivinə təhsildə uğurlar
diləyib.