“Qafqaz” “Bank of Baku” ilə əməkdaşlıq müqaviləsi imzaladı
İş
dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verən Qafqaz Universiteti
növbəti əməkdaşlıq müqaviləsini “Bank of Baku” ilə imzaladı. İkitərəfli
əməkdaşlığın səmərəli nəticələrinin inkişafı kimi qiymətləndirilən
müqavilənin imzalanma mərasimi Qafqaz Universitetində baş tutdu. Beş il
müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru
prof. Ahmet Saniç və “Bank of Baku” İdarə Heyəti sədrinin müavini Zaur
Qaraisayev imzaladılar. Əməkdaşlıq müqaviləsinə görə, iki müəssisə
arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf
etdiriləcək.İmzalanmış sazişin əsas məqsədi bankın
bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb
tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd
universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə
bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi,
universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin
bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək
elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva
edir. İmzalanma mərasimində çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”. Öz növbəsində, Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqarını vurğuladı. Onun sözlərinə görə, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46023 |