“Çağ” Öyrətim işlətmələri 20 il Azərbaycanda


Hər bir xalqın işıqlı sabahı üçün önəmli olan, hər bir ölkənin inkişafını təmin edən, onun bütün sahələrdə rəqabət gücünü artıran, mexanizmlərin ən etibarlısı və ən mühümü təhsildir. Biliyi və elmi dünyagörüşü formalaşmış, intellektual səviyyəyə malik savadlı, ümümbəşəri əxlaqi dəyərlərə sahib gənclərin yetişməsi hər bir ölkənin taleyində, müqəddəratında əsrlər boyu həlledici rol oynamışdır. Azərbaycan xalqı da elmli, bilikli, övladlarının sayəsində zaman–zaman tarixin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmış, bütün dövrlərdə elmə, təhsilə böyük önəm verərək “millətin gözü məktəb çırağı ilə işıqlanacaq” ideyasına sadiq qalmışdır. Müstəqqilliyimizi əldə etdikdən sonra dövlətimizin bu sahəyə diqqət və qayğısı daha da artdı. Belə ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də özəl müssisələrin yaranmasına zəmin yaratdı. Ölkəmizdə ilk özəl təhsil müəssisəsi olan “Çağ” Öyrətim İşlətmələri Şirkəti də müstəqilliyimizin bərpasının ilk illərində yarandı və Azərbaycan təhsilinin potensial imkanlarını dünyaya nümayiş etdirərək böyük işlər gördü. Bu baxımdan Azərbaycan təhsilinin son 20 illik inkişafı tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin direktiv sənədləri, tədris planı və proqramları əsasında fəaliiyyət göstərən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin əvəzsiz və şərəfli yeri vardır. Bu günlərdə ölkəmizdəki fəaliyyətinin 20–ci ildönümünü qeyd etməyə hazırlaşan şirkətin Azərbaycan–Türkiyə Özəl liseyləri baş idarəsinin rəisi Məsud Kurnazla əlamətdar gün ərəfəsində görüşdük və ondan şirkətin bu illərdəki fəaliyyətinə bir daha nəzər salmasını xahiş etdik. O dedi: “Ümummmilli lider, unudulmaz Heydər Əliyevin xeyir–duası ilə 20 il öncə Bakıda və Sumqayıtda fəaliyyətə başlayan şirkətimiz hazırda Azərbaycanın əksər bölgələrini əhatə edir. Belə ki, Bakı, Sumqayıt, Şirvan, Ağdaş, Mingəçevir, Quba, Lənkəran, Gəncə və Şəkidə ümümtəhsil mərhələsində 11 liseyimiz fəaliyyət göstərir. Eyni zamanda ali təhsilə hazırlıq mərhələsində respublikanin 13 şəhər və rayonlarında “Araz” kursları və ali təhsil mərhələsində Qafqaz universiteti də sirkətin tərkibinə daxildir.
Qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan və Türkiyənin minilliklər boyu dəfələrlə sınaqdan çıxmış qardaşlıq və dostluq salnaməsində həyat vəsiqəsini Heydər Əliyev kimi nəhəng siyasi–ictimai xadimdən alan şirkətimizin də öz yeri var. Çünki şirkət olaraq məqsədimiz dünya təhsil sisteminə inteqrasiya olmağı özünün başlıca yolu seçmiş Azərbaycanın istedadlı və xüsusi qabilliyyətli gənclərini müasir təhsillə təmin ederək onları dünya meridianlarına çıxarmaq və bununla da Azərbaycanı dünyaya tanıtmalarına yardımçı olmaqdır. Bu da xalqlarımızın gələcəyi üçün çox vacib və təkrarolunmaz bir işdir. Bu baxımdan 20 illik fəaliyyəti ərzində ulu öndər Heydər Əliyevin şərəfli missiyasının daşıyıcısı adına layiq olmağa çalışan şirkətimizin kollektivi Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən “Etimada sədaqətlə” devizini rəhbər tutaraq böyük məsuliyyətlə Azərbaycanın təhsil həyatında yaxından iştirak edir, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda günbəgün uğurlara imza atır. Onu da qeyd edim ki, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmək, mövcud təhsil müəssisəsinin idarə edilməsini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə şirkət ötən illər ərzində “İSO–9001:2000″ və “TS–EN–İSO9001:2000″ Beynəlxalq Keyfiyyətli İdarəetmə Sistemi vəsiqəsini almışdır. Bu da onu göstərir ki, “Çağ” Öyrətim İşlətmələrinin nəzdindəki bütün təhsil müəssisələri tətbiq etdikləri müasir tədris və təlim metodları ilə bərabər, eyni zamanda idarəetmə sistemini də beynəlxalq standartlara uyğunlaşdıraraq dahi şəxsiyyət Heydər Əliyevin “Azərbaycanla Türkiyə arasında qurulan ən sağlam körpü təhsil körpüsüdür” ifadəsinə əməli işlə cavab verir və təhsildə keyfiyyətin daimi ünvanını qoruyub saxlayır.
Azərbaycanın təqribən son 50 illik tarixinə öz möhürünü vurmuş ulu öndər Heydər Əliyev millətin, xalqın rifahının yüksəlməsinin başlıca və əsas yolunun təhsildən başladığını müdrikliklə görmüşdür. O, ölkə gənclərini sevən, onlara arxalanan və yaxşı təhsil almaları üçün çalışan bir siyasətçi idi. Elə buna görədir ki, öz xeyir–duası ilə Azərbaycana qədəm qoymuş şirkətimizə hər zaman dəstək olmuş və demişdir: “Bildirmək istəyirəm ki, Azərbaycanda Türkiyənin xüsusi yeri var. Sizin şirkətin və universitetin Azərbaycanda gördüyü işlər respublikamızın təhsil sistemində müəyyən müsbət dəyişikliklər meydana gətirir. Ona görə də mən bu liseylərə həmişə dəstək vermişəm, bundan sonra da verəcəyəm”.
Biz də bu etimada hər zaman əməli işimizlə cavab verməyə çalışmışıq. Belə ki, 1994–cü ildən başlayaraq şagirdlərimiz dünya fənn olimpiadalarında Azərbaycanı bütün fənlər üzrə təmsil edərək bu günədək 186 qızıl, 112 gümüş, 286 bürünc olmaqla 584 medal qazanmışlar ki, bu da bir şərəf işidir. Çünki 80–90 ölkə içərisində qızıl, gümüş və bürünc medallar qazanmaq heç də asan iş deyil. Bu gün Azərbaycan məktəblisini dünya olimpiadalarsız, dünya fənn olimpiadalaranı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, bu medalları qazanan şagirdlərin əksəriyyəti dünyanın bir çox ölkələrinin sayılıb–seçilən universitetlərində təhsil alır və Azərbaycanı bu ölkələrdə təmsil edirlər. Onu deyim ki, liseylərimizin məzunlarının orta hesabla 99 faizi, kurs müdavimlərinin isə 91 faizi ali məktəblərə qəbul olunurlar. Ölkə üzrə qəbul imtahanlarından 600–dən yuxarı bal toplayan və Prezident təqaüdü alan şagirdlərin böyük əksəriyyəti də lisey və kurslarımızın məzunlarıdır.
Bütün bunlar məzunlarımızın necə təhsil almasının və hansı tərbiyə ilə böyüməsinin parlaq təzahürüdür. Bu gün dünya təhsil sistemi məqsədyönlü, bacarıqlara əsaslanan təhsil sisteminə keçir və Azərbaycan da bu sahəni mənimsəməyə və sistemə inteqrasiya olunmağa doğru qəti addımlar atır. Artıq Azərbaycan təhsil sisteminin dünyanın ən qabaqcıl təhsil sistemləri səviyyəsinə yüksəltmək üçün Azərbaycan dövləti və Təhsil Nazirliyi tərəfindən xeyli işlər görülmüşdür. Azərbaycan–Türkiyə özəl liseyləri də mütəmadi olaraq ən qabaqcıl metodların tətbiq edilməsi, nəticələrin ölçülməsi və qiymətləndirilməsi istiqamətində davamlı və təcrübi yönümlü işlər apararaq Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verir.
Daim inkişafda olmaq, yeniləşmək qarşımıza qoyduğumuz ən vacib məsələlərdir. Fəxrlə deyə bilərəm ki, hər zaman buna nail oluruq. Doğrudur, 1992–ci ildə fəaliyyətimizin ilk illərində bir sıra çətinliklərlə rastlaşdıq. Artıq o illər çox uzaqlarda qalıb. Günbəgün yeniləşən, inkişaf edən “Çağ” Öyrətim İşlətmələrinin səsi dünyanın bir neçə ölkəsindən gəlir. Son görülən işlərə gəlincə isə BÖTL–də rus dilində siniflərin açılmasını, “Qafqaz” gimnaziyası nəzdində beynəlxalq məktəb bazasının qurulmasını, bütün məktəblərin “Ağıllı lövhə” interaktiv yazı lövhəsi ilə təmin edilməsi və dərslərdə fəal tətbiq edilməsini, elektron məktəb sisteminə keçirilməsini qeyd etmək istəyirəm.
Vətənə bağlılıq, vətənpərvərlik tərbiyəsini beynəlmiləlçiliklə paralel təlqin edilməsi, şagird və tələbələrin humanist, tolerant ruhda böyümələri, onların milli–əxlaqi dəyərlərimizə bələd olmaları və həyatlarına tətbiq etmələri üçün keyfiyyətli təhsillə yanaşı, ictimai işlərdə də fəal olmağı hər zaman üstün tutmuşuq. Ənənəvi keçirilən “Ətraf Mühitin Mühafizəsi” (İNEPO–Avrasiya) olimpiadası, “Ana dilimizi sevək, sevdirək”, “Yüksələn təhsilimizin bayraqdarı–Azərbaycan məktəbləri” və bu kimi bir sıra genişmiqyaslı tədbirlərimiz artıq yaddaşlarda silinməz izlər buraxıb.
Fəaliyyət sahəsi tamamilə təhsil və tərbiyə işindən ibarət olan şirkətimiz ilk dəfə liseylərlə fəaliyyətə başlasa da, onun təməlində ilk illər H.Z.Tağıyev adına kurs, “Ziya” ali təhsilə hazırlıq kursu və nəhayət “Araz” kursları adlanan kurslar durur. Bu gün Azərbaycanın 13 şəhər və rayonunda fəaliyyət göstərən “Araz” kurslarının göstərdiyi nəticələr iftixar və qürur mənbəyimizdir. Bu kurslar təsis edildiyi gündən abituriyentlərə tələbə adını qazandırmağa çalışan və adını uca tutan təhsil mayakıdır. Peşəkar pedaqoji kollektivimizin və bir də çalışqan şagirdlərimizin sayəsində kurslarımızın adı artıq bütün Azərbaycanda tanınır.
Ali təhsil mərhələsində isə şirkətimizi “Qafqaz” Universiteti təmsil edir. İlk dəfə kreditli sistemi tətbiq edən universitet həm elmi tədqiqatları, həm də yüksək səviyyəli mütəxəssislər hazırlığında əldə etdiyi nailiyyətləri ilə fərqlənir. Burda professor–müəllim heyətinin fədakarcasına çalışması, tələbələrin elmin incəliklərinə dərindən yiyələnməsi, ən iri şirkətlərin diqqətini cəlb edir və onlar buranı bitirən məzunları işə qəbul etməyə üstünlük verirlər. Bu gün universitet həm özünün maddi–texniki bazasını möhkəmləndirir, həm də dünyanın müxtəlif universiteləri ilə sıx əməkdaşlıq edir, təcrübə və tələbə mübadiləsi aparır. İlbəil fakültələrin, kafedraların artması keyfiyyət baxımından da irəliləyişlə müşahidə olunur. Əminliklə deyə bilərəm ki, Qafqaz Universiteti tətbiq etdiyi sistemlə yetişdirdiyi kadrlarla Azərbaycan ictimaiyyətinin rəğbətini qazanıb.
Qazanılan uğurlar təbiidir. Çünki təməli möhkəm qoyulan bir binanın çökmə ehtimalı olmur. “Çağ” Öyrətim İşlətmələrinin də təməli sağlam əqidəli, xalqını, millətini sevən, onun xoş gələcəyini yalnız və yalnız elmdə, təhsildə görən dahi Heydər Əliyev tərəfindən qoyulub. “Çağ” Öyrətim Heydər Əliyevin Azərbaycan xalqına əmanətidir. Biz də bu əmanətə hər zaman sədaqətlə xidmət etmişik və bundan sonra da bu etimadı doğruldacağıq. “Çağ” Öyrətimin fəaliyyəti yüksək etimad və eyni zamanda bizlər üçün böyük məsuliyyətdir. Biz bu məsuliyyəti hər zaman dərk edir və bu etimada layiqli, əməli işlə cavab veririk. Bu gün Heydər Əliyev kursunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə şirkətimiz haqqında yüksək fikir söyləmiş və demişdir: “Mən türk liseylərinin fəaliyyətlərini çox yüksək qiymətləndirirəm, bunları quran, işlədən insanlara öz minnətdarlığımı bildirirəm. Burda təhsil alan gənclərimiz beynəlxalq yarışlarda çox yüksək mükafatlar qazanırlar. Bu, bizi çox sevindirir və onu göstərir ki, həmin liseylər Azərbaycanın gələcəyi üçün çox gözəl kadrlar yetişdirirlər. Əlbəttə ki, bir Prezident kimi mən bu liseylərin öz fəaliyyətlərini davam etdirmələrini və daha da genişləndirmələrini istərdim”.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı nəhəng iqtisadi, ictimai, sosial–mədəni inkişaf siyasətinə var–gücü ilə xidmət edir və Azərbaycanımızın parlaq gələcəyi naminə dünya ilə yarışır.
Təhsil parlaq gələcəyimizin, işıqlı sabahımızın zəmanətidir. Aydın sabahların, xoş gələcəyin qurucularını isə müasir elmləri yüksək səviyyədə tədris edən təhsil müəssisələri yetişdirir. Etimada sədaqətinin 20–ci ilini yaşayan, illər keçdikcə yeni zirvələr fəth edən, milli elmimizin dünya miqyasında yorulmaz təbliğatçısı olan Azərbaycan–Türkiyə özəl liseyləri də belə təhsil müəssisələrindəndir. Hər ili, hər günü Azərbaycan üçün bir töhfə olan “Çağ” Öyrətim İşlətmələri Şirkətini biz də yubiley münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Mehparə Əliyeva,
“Respublika”
http://www.respublica-news.az/2012/11/21/35420/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF