Bakıda “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir keçirilmişdir

Bakı, 27 noyabr (AzərTAc). “Gülüstan” Sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda təntənəli tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, ayrı-ayrı qurumların nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorlarının, Türkiyədən və digər ölkələrdən gəlmiş qonaqların və tanınmış təhsil işçilərinin iştirak etdikləri tədbirin əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün əziz xatirələri ehtiramla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət himni, Türkiyə Respublikasının İstiqlal marşı səslənmişdir.
Əlamətdar gün münasibətilə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təbrik məktubu oxunmuşdur.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
ÇÖİŞ-in prezidenti Ənvər Özərən Azərbaycan ilə Türkiyənin tarixi birliyindən danışmış, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik”, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamlarını xatırlatmışdır.
Rəhbərlik etdiyi ÇÖİŞ-in fəaliyyəti haqqında məlumat verən Ə. Özərən bildirmişdir ki, şirkətin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri xalqımızın dahi rəhbəri Heydər Əliyevin xeyir-duası ilə həyata vəsiqə almışdır. Həmin təhsil ocaqlarının müəllim və şagirdləri ümummilli liderimizin etimadını daim doğrultmaq əzmindədirlər.
ÇÖİŞ hazırda 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və 1 ali təhsil müəssisəsini - Qafqaz Universitetini özündə birləşdirir. 1994-cü ildən bu günədək liseylərimizin şagirdləri 530-dan çox qızıl, gümüş və bürünc medallar qazanmışlar. Respublika fənn olimpiadalarında isə şagirdlərimiz 230 qızıl, 248 gümüş, 245 bürünc medallara sahib olmuşlar.
Ənvər Özərən demişdir ki, məzunlarımızın 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinin nüfuzlu fakültələrinə daxil olur. Hazırda məzunlarımızın böyük bir hissəsi ABŞ-ın Hyuston, Texas və Viskonsin universitetlərində, Rusiyanın M. V. Lomonosov adına Moskva Dövlət Universitetində, Almaniya, Türkiyə, Çin, İsveçrə və digər ölkələrin universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər.
Araz kurslarında şagirdlər Azərbaycan universitetlərinə qəbul imtahanlarına hazırlanmaqla yanaşı, burada, həmçinin Türkiyədə ali təhsil almaq istəyənlər üçün TCS proqramı üzrə kurslar da təşkil olunur.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
Azərbaycan təhsilinin inkişafında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayan nazir bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.
M. Mərdanov ÇÖİŞ-nin, o cümlədən Qafqaz Universitetinin və Azərbaycan-Türk özəl liseylərinin təhsilə verdikləri töhfələrdən bəhs etmişdir.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam ulu öndər Heydər Əliyevin təhsilə böyük diqqət və qayğı göstərdiyini xatırlatmışdır.
Müasir dünyada təhsilin önəmli rolunu vurğulayan M. Sağlam ÇÖİŞ-nin bundan sonra da səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirmiş, təhsil işçilərini təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışdır.
Milli Məclisin deputatı Fəttah Heydərov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin təhsilə xüsusi əhəmiyyət verdiyini vurğulamış, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin bu sahənin inkişafındakı rolundan danışmışlar.
Tədbirdə ÇÖİŞ-in universitet və liseylərinin təhsildə fərqlənən müəllimlərinə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanları və fəxri fərmanları təqdim olunmuşdur.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
http://www.azertag.com/node/1028696

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF