Qafqaz Universitetinin müəllimi respublika birincisi olmuşdur.
ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət
İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində
gənc tədqiqatçılar üçün fakültə inkişaf proqramı üzrə müsabiqə
keçirilmişdir. “Fakültə İnkişaf Proqramı” çərçivəsində keçirilən
müsabiqə artıq başa çatmışdır. Üç mərhələdən ibarət olan müsabiqədə
Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri
üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc
fakültə əməkdaşları iştirak etmişlər. Qeyd edək ki, müsabiqənin yekun
nəticələrinə görə Qafqaz Universitetinin müəllimi filologiya üzrə
fəlsəfə doktoru Heydər Eminli ABŞ Dövlət Departamentinin Azərbaycan ali
məktəblərinin gənc fakültə əməkdaşları üçün həyata keçirdiyi Fakültə
İnkişaf Proqramı müsabiqəsinin qalibi olmuşdur.
Qafqaz Universitetinin
müəllimi Heydər Eminli qrant mubadilə proqramı üzrə ABŞ
universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə
ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq. Qeyd edək ki,
cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil
ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında
ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla
yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini
təkmilləşdirməkləri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda
universitetlərarası əlaəqlər yaratmaq və inkişaf etdirmək imkanları
qazanacaqlar.