“Çağ” 20 yaşını bayram edir
Azərbaycan təhsilində yeni
səhifələr açmış “Çağ” Öyrətim Şirkəti bu gün “Gülüstan” sarayında fəalyyətə
başlamasının 20 illiyini bayram edir. Yubiley tədbirində Azərbaycanın dövlət və
hökumət nümayəndələrinin, millət vəkillərinin, tanınmış elm və ictimai
xadimlərinin, sənət adamlarının, media mənsublarının iştirakı nəzərdə tutulub.
Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, Türkiyə tərəfindən
tanınmış qonaqların iştirakı gözlənilir.
“Çağ”ı yubiley münasibətilə təbrik edir,
Azərbaycan təhsilinə xidmət yolunda ona yeni-yeni uğurlar arzulayırıq.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin
ölkəmizdə fəaliyyətə başlamasının 20 illiyi münasibətilə dünən bu qurumun İdarə
Heyətinin sədri Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin
rəisi Məsud Kurnaz, şirkətin müşaviri Ağarəsul Məmmədov, həmçinin müəllim və
şagirdlər Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin məzarını ziyarət ediblər. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin
kollektivi adından ulu öndərin məzarına əklil qoyulub və ümummilli liderin
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şirkətin kollektivi həmçinin
görkəmli oftomoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət
ediblər. Daha sonra jurnalistlərə açıqlama verən İdarə Heyətinin sədri Enver
Özeren “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətindən, 20 ildə
əldə etdikləri uğurlardan bəhs edib. Enver Özeren bildirib ki, son 20 il
ərzində liseylərin məzunları Azərbaycana beynəlxalq müsabiqələr və yarışlardan
98-i qızıl medal olmaqla 500 medal gətiriblər.
Qeyd edək ki, bu gün “Gülüstan”
sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20-ci ildönümünə həsr olunmuş
“Müasir Azərbaycan və “Çağ” Öyrətim - etimada sədaqətlə 20 il” adlı yubiley
yekun proqramı da keçiriləcək.