«Bank of Baku» ilə «Qafqaz» Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC ilə «Qafqaz» Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, razılaşmanı «Bank of Baku»nun İdarə Heyətinin sədr müavini Zaur Qaraisayev və «Qafqaz» Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanan sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən Z.Qaraisayev bildirib ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır: «Bank of Baku»nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq».
Öz növbəsində A.Saniç «Bank of Baku» ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb və bildirib ki, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.
http://apa.az/az/xeber___bank_of_baku___ile___qafqaz___universiteti_280122.html