Qafqaz Universitetində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan tədbir keçirildi
Azərbaycan Qafqaz
Universitetinin Akt zalında dünya ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyinə həsr olunan tədbir keçirilib.
Publika.Az-ın
verdiyi xəbərə görə, “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı
beynəlxalq elmi konfrans AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutu və Azərbaycan Qafqaz Universitetinin birgə təşkil ediblər.
Konfransda Azərbaycan, Türkiyə və İran alimləri iştirak ediblər.
Konfransın
açılış mərasimində Azərbaycan Qafqaz Universitetinin rektoru,
professor, doktor Ahmet Sanıc və millət vəkili, AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva giriş nitqi söyləyiblər. Ahmet Sanıc
ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı
ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş
Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında Türkiyədə
də bir çox dəyərli elmi tədqiqatlar aparıldığını qeyd edib. Dr. Ahmet
Sanıc rəhbərlik etdiyi Azərbaycan Qafqaz Universitetində də Nizami
yaradıcılığına, dahi şairin şeir və fəlsəfə dünyasına önəm verildiyini
diqqətə çatdırıb, AMEA Şərqşünaslıq İnstitutu ilə birgə “Nizami Gəncəvi
və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransın təşkilinin də
buna əyani sübut olduğunu bildirib.
Şərqşünaslıq İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva
Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında
böyük hadisə olduğunu qeyd etdi və xalqımızın mədəniyyətini,
ədəbiyyatını, elmini həmişə diqqət və qayğısı ilə əhatə edən möhtərəm
Prezidentimiz İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Sərəncamla
bu yubileyin bu il Respublikamızda böyük təntənə ilə qeyd edildiyini
bildirdi. Gövhər xanım qeyd etdi ki, tək Azərbaycan ədəbiyyatının deyil,
bütövlükdə Şərq ədəbiyyatının parlaq günəşi olan Nizami Gəncəvinin
yaradıcılığını, Nizami əsərlərinin Şərq ədəbiyyatına təsirini tədqiq
etmiş şərqşünaslarımız bu yubiley tədbirlərindən kənar qala bilməzdilər.
“Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransın
Nizamişünaslığa böyük bir töhfə olduğunu söyləyən G.Baxşəliyeva şairin
yaradıcılığının əsas ideya məğzindən söz açdı: «12-ci əsr intibah dövrü
Gəncəsində yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvinin
yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir.
İstər ideya tematik, istər bədii estetik, istərsə də bir çox Şərq
xalqları ədəbiyyatlarının, o cümlədən fars, türk, urdu, hind, kürd,
özbək və s. xalqların ədəbiyyatlarının inkişafına təsiri baxımından.
Təsadüfi deyil ki, Nizaminin əsərlərinə 500-ə qədər nəzirə yazılıb.
Humanist ideyalar carçısı Nizami Gəncəvinin yaradıcılığında Şərq və
antik ədəbi, fəlsəfi və mədəni dəyərləri üzvi şəkildə sintez olunmuşdur.
Mütəxəssislər Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni
mərhələsi adlandırırlar. Çünki məhz Nizaminin yüksək humanist
fikirlərində orta əsrlər mistikasından oyanıb sağlam təfəkkürlə insana
və cəmiyyət həyatının məna və mahiyyətinə rasional məntiqi yanaşma
tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılıb və bu ilahi
qədəri heç bir şər qüvvə dəyişdirə bilməz. Budur Nizami yaradıcılığının
əsas ideya məğzi».
Gövhər Baxşəliyeva daha sonra Nizami
yaradıcılığının əsas istiqamətlərindən, onun Şərq ədəbiyyatlarına
təsirindən, bu sahədə aparılan tədqiqatlardan söz açdı, dünya
poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmiş şairin
yaradıcılığına həsr olunmuş konfransın işinə uğurlar dilədi.
Daha
sonra söz məruzəçilərə verildi. İlk olaraq AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru,
professor Nüşabə Araslı “Nizami və sələfləri” mövzusunda məruzə ilə
çıxış etdi. N.Araslı məruzəsində Nizami yaradıcılığının böyüklüyündən
söz açaraq, dahi şairin yaradıcılığının ümumşərq mədəniyyətinin
fikri-estetik nailiyyətləri ilə yaxından bağlı olub, klassik irsin
özünəqədərki ən gözəl ənənələri üzərində ucaldığını qeyd etdi. Məruzəçi
Nizaminin sələflərindən danışaraq, bu sırada görkəmli Azərbaycan şairi
Xaqaninin xüsusi yerini vurğuladı və bu barədə daha geniş söz açdı.
AMEA
akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin
tədqiqi və nəşri” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor
Mehdi Kazımov “Şərq ədəbiyyatında Nizami ənənələri” mövzusunda məruzə
etdi. Türkiyə, Selçuk Universitetinin professoru, Dr. Ali Temizel
Türkiyədə Nizami Gəncəvinin yaradıcılığının tədqiqindən məruzə etdi.
Azərbaycan Qafqaz Universitetinin müəllimi Setter Durmaz türk
ədəbiyyatında «Xəmsə» yaradıcılığında Nizami Gəncəvinin rolundan
danışdı. İran Elm və Mədəniyyət Universitetinin müəllimi Fərzad
Qasımzadə “Dünya ədəbiyyatının iftixarı – Nizami Gəncəvi” mövzusunda
məruzə etdi. AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva «Nəsiminin
fikir düzənində Nizami məntiqi və söz sənətindən təsirlənmələr»
mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirin gedişində AMEA
akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Azərbaycan Qafqaz
Universiteti arasında elmi-təşkilati əməkdaşlıq Protokolu imzalandı.
Protokolu Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri
doktoru, professor Gövhər Baxşəliyeva və Azərbaycan Qafqaz
Universitetinin rektoru, professor, doktor Ahmet Sanıc imzaladılar.
Tədbirin
sonunda AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və
Azərbaycan Qafqaz Universitetinin rektoru, professor, doktor Ahmet Sanıc
yekun nitqi söyləyərək, konfrans iştirakçılarına öz təşəkkürlərini
bildirdilər.
http://www.publika.az/index.php?action=static_detail&static_id=27257